
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan bildirib ki, Şəki kəndində baş verən hadisə zamanı polis çevik hərəkətə keçib. Musavat.com bildirir ki, jurnalistlərlə söhbətində polisin hadisə yerinə gec çatması ilə bağlı tənqidlərə toxunub. Nazirin sözlərinə görə, hadisə baş verən zaman sözügedən polis əməkdaşı məzuniyyətdə olub. Nazir deyib ki, “zərərçəkmiş” onunla şəxsi telefon nömrəsi ilə əlaqə saxlayıb və vəziyyətin təfərrüatını açıqlamadan hadisə barədə qısa məlumat verib.
Sarkisyanın sözlərinə görə, telefon danışığı zamanı polis məmuru baş verənləri anlamaqda çətinlik çəkib. Lakin o, dərhal evini tərk edib və təxminən on dəqiqə sonra hadisə yerinə çatıb. Həmin vaxta qədər hadisə artıq baş vermişdi. Nazir həmçinin qeyd edib ki, qadının oğlunun iştirakı ilə polis əməkdaşı 112 əməliyyat idarəetmə mərkəzinə zəng edib. Mərkəzin əməkdaşları təxminən on dəqiqə sonra hadisə yerinə çatıblar. Sarkisyanın sözlərinə görə, polis əməkdaşları vəziyyətə lazımi sürətlə reaksiya veriblər. O əlavə edib ki, polis məmurunun gec gəlməsi ilə bağlı iddialarla bağlı lazımi aydınlaşdırmalar artıq verilib. Başqa bir suala - səlahiyyətli orqanların Ermənistan ərazisində Azərbaycan əsgərinin peyda olması barədə məlumatı olduğu halda, niyə əvvəlcədən qabaqlayıcı tədbirlər görülmədiyinə toxunan Arpine Sarkisyan qeyd edib ki, baş nazir ətraflı cavab verib.
Təhlükəsizlik Şurasının katibi Alen Simonyan isə Azərbaycan hərbçisi Nəsimi Musayevin hərəkətlərinin "işğal" kimi xarakterizə edilməsi ilə razı deyil. O, əsgərin sadəcə azdığını və tanımadığı bir ərazidə qaldığını iddia edib. Jurnalistlərlə söhbətində Simonyan vurğulayıb ki, Azərbaycan hərbçinin itkin düşməsi barədə ilkin mərhələdə məlumat verib. “Əsgər əgər həqiqətən də azıbsa, niyə könüllü olaraq Ermənistan hakimiyyətinə müraciət etməyib” sualına cavab olaraq, TŞ katibi hərbçinin sadəcə yemək axtardığını qeyd edib. Simonyanın sözlərinə görə, əsgər boş bir evə girib, orada çörək yeyib, sonra uzanıb yatıb. O, həmçinin deyib ki, azərbaycanlı hərbçi yaralanıb və ya səhhətində problemlər yaranıb. Simonyan baş verənləri adi cinayət əməli kimi xarakterizə edərək, "işğal" termininin onun anlayışında müqavimət və mübarizəni ifadə etdiyini vurğulayıb.
Xatırladaq ki, sentyabrın 26-da Nəsimi Musayevin Laçın rayonu istiqamətində xidmət yerində olmadığı müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian rayonunun Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda İrəvanda saxlanılır.
Hüquqşünas Xəyal Bəşirov Musavat.com-a bildirib ki, hərbçimizin bir müddət sonra təhvil veriləcəyinə inanır. Onun sözlərinə görə, Ermənistan rəsmilərinin bəyanatları da bu təəssüratı yaradır: “Bundan əvvəl Paşinyan bəyan edib ki, əsgərimiz uzun müddət İrəvanda qalmayacaq. Görünür ki, istintaq bitəndən sonra – yəni iki ayın tamamında Nəsimi Musayevin qaytarılması istisna deyil. Amma məsələ bir qədər uzadıla, məhkəmə hökmü olandan sonra qərarın verilməsi mümkündür. Bütün hallarda həm Simonyanın, həm Sarkisyanın bəyanatları ümid doğurur ki, hərbçimiz bir müddət sonra qaytarılacaq”.
























