
Darvazaların qarşısında parklanma: Sakinlər evlərinə girə bilmir, təcili yardım həyətə daxil ola bilmir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakıda quraşdırdığı parklanma sahəsi ərazidə yaşayan şəxslərin giriş-çıxışını məhdudlaşdırır.
Yurd.Media xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində həyət evlərinin darvazaları qarşısında park edilən avtomobillər hərəkətə mane olur. Sakinlər bildirirlər ki, yaranmış vəziyyət səbəbindən bir neçə gün əvvəl çağırılan təcili tibbi yardım avtomobili də həyətə daxil ola bilməyib.
“Sevincim” şadlıq sarayının arxa küçəsində təşkil olunan parkinqdə küçə boyu dayanan avtomobillər darvazaların qarşısını kəsir.
Sakin Emil Həsənovun sözlərinə görə, yaranmış vəziyyət səbəbindən öz avtomobilini həyətə daxil etməkdə və zərurət yarandıqda evindən çıxmaqda çətinlik çəkir.
O bildirib ki, bir neçə gün əvvəl anasının səhhəti ilə əlaqədar təcili tibbi yardım çağırmalı olub. Lakin ambulans həyətə daxil ola bilmədiyindən başqa küçədə dayanmağa məcbur olub.
Vətəndaş qeyd edib ki, problemlə bağlı dəfələrlə polisə müraciət etsələr də, nəticə əldə edə bilməyiblər. Onun sözlərinə görə, 102 qaynar xəttinə edilən müraciətlər zamanı ərazinin Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzarətində olduğu bildirilib. Sakinlər isə qurumlara müraciətlərinə baxmayaraq, problemin həll olunmadığını deyirlər.
Problemin qarşısını almağa çalışan sakinlər darvazalarının qarşısına müyyən maneələr (konuslar, taxta parçaları və s.) qoyurlar. Lakin bəzi sürücülər bu maneələri kənara çəkərək avtomobillərini yenidən həmin ərazilərdə saxlayırlar.




























