
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə və ərazilərin bərpası əməliyyatlarını həyata keçirən "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" (ANAMA) Publik Hüquqi Şəxsi texniki təminatın gücləndirilməsi məqsədilə keçirdiyi satınalma müsabiqəsini yeniləyib.
32gun.az-ın verdiyi məlumata görə, agentliyin müxtəlif növ avadanlıqların satın alınması üzrə elan etdiyi açıq tender ilk cəhddə baş tutmayıb.
Rəsmi məlumatlara əsasən, satınalma 19 oktyabr 2026-cı il tarixində (saat 15:24-də) ləğv edilib. Prosedurun dayandırılmasına səbəb kimi "Dövlət satınalmaları haqqında" Qanunun 36.1.1-ci maddəsi — müsabiqədə iştirak etmək üçün təklif təqdim etmiş təchizatçıların sayının üçdən az olması gösterilib.
Ləğv qərarından dərhal sonra ANAMA analoji avadanlıq paketi üzrə tenderi yenidən elan edib. Yenidən elan olunan satınalma müsabiqəsinin ehtimal olunan ümumi qiyməti 20.827,97 AZN təşkil edir.
Tenderin texniki şərtlər toplusuna əsasən, ayrılan vəsait hesabına sahə əməliyyatlarında və texniki xidmətdə istifadə üçün aşağıdakı avadanlıqların əldə olunması nəzərdə tutulur:
3 ədəd 9-10 kVt gücündə 3 fazalı daşınan benzin generatoru, 2 ədəd 300 litrlik hava kompressoru, 5 ədəd akkumulyatorlu drel, 3 ədəd drel-perforator və 5 ədəd orta ölçülü drel satın alınacaq.
Bunlarla yanaşı, 5 ədəd böyük (2200 Vt), 5 ədəd balaca və 5 ədəd akkumulyatorlu laqonda (bucaqlı cilalama maşını), kaska və əlcəklə komplektləşdirilmiş 3 ədəd qaynaq aparatı, 2 ədəd elektrik lobzik və 10 ədəd ehtiyat mişar ucu, eləcə də 4 ədəd benzinlə işləyən zəncirli ağackəsən mişar və onlar üçün 40 ədəd ehtiyat zəncir (sep) təmin ediləcək.























