
Azərbaycan məktəblərində şagirdlərin vahid geyimi ilə bağlı qərar ölkəmizə qarşı müxtəlif qanunsuz əməllərə də rəvac verib.
Xarici ölkələrdə bundan istifadə edən bəzi qüvvələr etiraz aksiyalarına cəhd göstərir və maraqlısı da budur ki, bəzi aksiyalarda hətta İran bayrağı qaldırılır.
Beləliklə, Azərbaycanın daxili işi olan məktəbli forması məsələsini siyasi müstəvidə gündəmə gətirməyə çalışırlar. Taleh Bağırzadənin sədri olduğu Müsəlman Birliyi Hərəkatının Almaniyadakı üzvlərinin İran bayrağı ilə aksiya keçirməsi buna sübutdur.
Əgər aksiyaçıları doğrudan da Azərbaycanda məktəblilərin geyimi maraqlandırırsa, İran bayrağının həmin aksiyalarda qaldırılması kimlərin təlimatının icrasıdır?
Məktəblərdə şagirdlərin geyim qaydaları, dini inancların ifadəsi və dünyəvi təhsil prinsipləri ilə bağlı məsələlər müxtəlif ölkələrdə fərqli yanaşmalarla tənzimlənir. Azərbaycanda da bu mövzu cəmiyyətdə müxtəlif fikirlərin səsləndirilməsinə səbəb olur. Lakin etiraz aksiyalarında xarici dövlətin bayrağının qaldırılması və məsələnin siyasi simvollarla təqdim edilməsi müzakirələrə əlavə çalarlar gətirir.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının İdarə Heyətinin üzvü Ağrı Qaradağlı “Cebheinfo.az”-a bildirib ki, Almaniyada Azərbaycana qarşı keçirilən aksiyada İran bayrağının qaldırılması bu prosesin arxasında hansı rejimin dayandığını göstərir. “Mənə görə, İran rejimi bu məsələnin arxasında dayanıb və Avropada yaşayan azərbaycanlıları öz tərəfinə çəkib. Bəziləri orada rəsmi olaraq İrana çalışan şəxslər kimi fəaliyyət göstərirlər, bəziləri isə bəlkə də bilməyərəkdən, din məsələsinə görə bu aksiyaya qoşulublar.
Bir də Avropada, Almaniyada yaşayan İran vətəndaşları var ki, onların da İran tərəfindən bu aksiyaya yönləndirilməsi qaçılmazdır. Təbii ki, bu cür məsələlər Azərbaycanın daxili işlərinə müdaxilə etmək məqsədi daşıyır. Dini məsələlərdə heç kimin Azərbaycana müdaxilə etmək haqqı yoxdur. Dini dövlətlər tərəfindən bu addım qınanıla bilər. Amma bu, sadəcə qınama ilə məhdudlaşmalıdır.
Ciddi şəkildə müdaxilə edilməsi yanlış addımdır. Əgər İran qonşu ölkələrin daxili işlərinə müdaxilə edirsə, ilk növbədə öz daxilindəki ayrı-seçkiliyi aradan qaldırmalıdır. Ölkə daxilində yaşayan millətlərin hüquqlarını təmin etməlidir. Yalnız bundan sonra bəlkə də digər ölkələrin daxili işlərinə müdaxilə etmək üçün özündə əsas görə bilər”.
O bildirib ki, Azərbaycan türklərinin milli hərəkatı tamamilə milli ideologiya üzərində qurulmuş azadlıq hərəkatıdır:
“Bu, inanc azadlığına bağlı bir hərəkatdır. Burada hər cür insan ola bilər: dindar, dindar olmayan, ateist və s. Ona görə də bu məsələ bizə inanc azadlığımızı əsas gətirərək başqa ölkələrin daxili işlərinə müdaxilə etmək haqqı vermir. Azərbaycanı, digər türk dövlətlərini sevməyən ölkələr vəziyyətdən sui-istifadə edərək ortalığı daha da qarışdırmağa çalışırlar”.























