
"Qeyri-rəsmi məlumatlara əsasən, vaxtilə Ağsu Regional Qaz İstismar İdarəsində vəzifə qalxmağın özünəməxsus bir sistemi olub. Deyilənlərə görə, burada karyera qurmaq üçün təkcə təcrübə, savad və diplom yox, saatı da bilmək lazım imiş..." "DİA-AZ" xəbər verir ki, bunu sözügedən qurumun işçisi Daşqın Abbasov özünün sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
O daha sonra bildirir: "Məsələn, Azəriqazda çilingər işləyirsən, ürəyindən mühəndis olmaq keçir. Sənə deyirlər ki, gəl saat 1-də. Bu da şayiələrə görə, 1000 manatlıq məsələdir. Yox, deyirlər saat 2-də gəl, onda artıq 2000 manat söhbəti ola bilər.
Böyük mühəndis olmaq istəyirsən? Onda saat 3-də, 4-də, ya da 5-də gəlməlisən. Qiymət də adamına görə dəyişir. Xidmət rəisi olmaq istəyirsənsə, saat 5, 6, ya da 7-də gəlməlisən. Belə çıxır ki, vəzifə böyüdükcə saat da dəyişir, qiymət də.
Əgər Azəriqazda işləmirsənsə, vəziyyət bir az da maraqlı olur. Deyilənlərə görə, çilingər vəzifəsi 2-3 min, mühəndis vəzifəsi isə 3-5 min manat arasında dəyişə bilər. Bir sözlə, burada karyera planı qurmaq istəyən adam əvvəlcə özünə sual verməlidir: «Mən hansı vəzifəyə layiqəm?» yoxsa «Mənim büdcəm hansı vəzifəyə çatır?»
Ən maraqlısı isə odur ki, qeyri-rəsmi söhbətlərə görə, vaxtilə idarə müdiri, yəni region rəhbərinin müavini vəzifəsində işləmiş şəxs deyib ki, müdür olmaq üçün bankdan 20 min manat götürüb verib ki, müdür olsun.
İndi özünüz fikirləşin: adam bankdan kredit götürüb vəzifəyə gəlirsə, görəsən, işə gələndə birinci işçiləri idarə edir, yoxsa kreditin aylıq ödənişini fikirləşir?
Amma əsas məsələ başqadır.
Hazırda Ağsu Regional Qaz İstismar İdarəsinin Kommersiya şöbəsində 12-ci dərəcəli böyük mühəndis vəzifəsinin vakant olduğu bildirilir. Maraqlıdır, görəsən, niyə bu vəzifə üzrə vakansiya elan olunmur? Uyğun kadr yoxdur, yoxsa hansısa namizədə artıq «filan saatda gəl» deyilib?
Bəlkə də hamı vakansiya elanını gözləyir, amma kimlərsə saatın əqrəbinə baxır. Bir sözlə, adi vətəndaş işə qəbul üçün CV hazırlayır, şayiələrdə adı çəkilən namizəd isə görəsən, qəbul saatını gözləyir?
Görəsən, Ağsu Regional Qaz İstismar İdarəsində 12-ci dərəcəli böyük mühəndis vəzifəsi üçün saat neçədə gəlmək lazımdır? Saat 1, 3, 5, yoxsa artıq saat 7-də gecikmiş oluruq?
Bəlkə də bir gün vakansiya elanının yanında iş qrafiki ilə yanaşı «karyera qrafiki» də dərc olundu. Kim bilir...
Bunlar qeyri-rəsmi məlumatlar və şayiələr əsasında qurulmuş satirik fikirlərdir. İddiaların doğruluğu təsdiqlənməyib. Amma bir həqiqət var: dövlət müəssisəsində vəzifə saatla, tanışlıqla və ya pulla deyil, bilik, təcrübə və şəffaf seçimlə müəyyən olunmalıdır. Yoxsa sabah diplomu yox, saatı olanlar mühəndis, bankdan krediti olanlar isə müdür olar..."























