
“Əvvəlki oxumaqlar, ifalar, müşayiətlər bədahətən idi. Bədahətən olan yerdə də hər oxuyan bir cür oxuyur, hər çalan da başqa cür müşayiət edirdi. Əvvəl müğənni toya gəlirdi, musiqiçilərdən kim var idisə onu müşayiət edirdi. Onlar demirdilər ki, “canlı oxuya bilmərəm, çünki öz dəstəm burada yoxdur”. Mən o vaxt çox toylara gedirdim. Toyda 5 xanəndə olurdu. O biri müğənninin musiqiçi dəstəsi ilə digər xanəndələr də oxuyurdular. 1 toyda 5 “Zabul” segahı çalırdıq. O 5 xanəndənin hər birinə “Zabul” segahı oxutdururdular. Elə gözəl, rəngarəng çıxırdı ki”
Bunu Moderator.Az-a açıqlamasında Xalq artisti, görkəmli tarzən Möhlət Müslümov deyib.
O daha sonra əlavə edib:
“İndiki müğənnilər min bir bəhanə gətirirlər. Bilirsiz niyə? Çünki əzbər oxuyurlar. Elə bil robotdur. Deyirlər ki, mütləq öz müşayiətçilərim olsun ki, canlı oxuyum. Ondansa maqnitofon oxutdur da. Bədahətdə barmaq da, boğaz da ilişə bilər. Çaşa bilərsən. Bu normaldır. Xalq onsuz da bilir ki, sən onu həqiqətən oxuya bilirsən ya yox?! Gedib efirdə fonaqram oxuyurlar, deyirlər ki, mənim öz dəstəm olmalıdır. Burada maddi məsələ də var. Həmin müğənnilər o musiqiçilərə maaş verir. Əzbərçilik evimizi yıxıb. Muğam sənətində də bu dəqiqə əzbərçilik var. Əvvəl gedib radioda mahnılara qulaq asırdıq, səsindən o dəqiqə bilirdik ki, bu Şövkətdir, Rübabədir, Saradır, Zeynəb xanımdır. Yaxud da tar çalanlara qulaq asırdıq. 5 tar ifaçısının repertuarını radioda səsləndirirdilər. O dəqiqə deyirdim ki, bu Əhsən Dadaşovdur, bu Hacı Xanməmmədovdur. İndi qulaq asıram, nə müğənnini tanıyıram, nə də musiqiçini.. Hamısı inkubator kimi bir-birinə oxşayır. Habil Əliyev kamançaya bir dənə boş simi vururdu, bilirdilər ki, bu Habilin tembridir. İndikilər elə bil, inkubator cücələri kimi eyni atadan, eyni anadan əmələ gəliblər. Əzbərçilik baş alıb gedir. Mən bəzən onlara deyirəm. Fikirləşə bilərlər ki, paxıllıq edirəm. Mən onlara necə paxıllıq edə bilərəm ki?! Onların müəllimlərinin müəllimi ilə işləmişəm. Əlbəttə ki, ərkim çatanlara deyirəm. Sözümü eşidib, yaxşı qəbul edənlər də var. Deyirlər ki, “yaxşı ki, dediz, biz bunu düzəldərik”. “Mahur-Hindi” “Rast” muğamının törəməsidir. Xalq aristidir, “Rast” oxuyur, “Mahur-Hindi” ilə qarışdırır. O bilmir, biz bunu bilirik. Durub deyirəm, pərt olur. Bu sənətdə “bilirəm” sözü yoxdur. Nə qədər ömrün varsa öyrənməlisən” deyə sənətkar bildirib.
























