
Dünya bazarlarında neft və qızılın qiymətində kəskin dəyişikliklər müşahidə olunur. Noyabrın 2-də Brent markalı neftin bir barelinin qiyməti 3,2 faiz ucuzlaşaraq 109,75 dollara, WTI markalı neft isə 3,3 faiz azalaraq 100,69 dollara düşüb. Qızılın qiyməti də son bir ildə ilk dəfə 4000 dollardan aşağı enib. Bununla belə, bazarlarda müəyyən bərpa cəhdi də müşahidə olunur: qızıl noyabrın 2-də yenidən 3900 dollar ətrafında ticarət edilib. Neftin ucuzlaşmasına ABŞ-İran münasibətlərində diplomatik danışıqlarla bağlı gözləntilər, qızılın dəyər itirməsinə isə ABŞ-da faiz dərəcələrinin artırılması ehtimalı və investorların bazardakı davranışları təsir göstərir.
Dünya bazarlarında baş verən bu dəyişikliklər Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki ölkənin ixrac və büdcə gəlirlərinin mühüm hissəsi neft-qaz sektorundan asılıdır.
Neftin ucuzlaşması Dövlət Neft Fondunun gəlirlərinə və ölkənin valyuta daxilolmalarına necə təsir edə bilər? Bu proses manatın məzənnəsi üçün hər hansı risk yaradırmı? Digər tərəfdən, qızılın qiymətinin aşağı düşməsi vətəndaşlar üçün sərfəli alış imkanı yaradır, yoxsa qiymətlərdəki eniş hələ davam edə bilər?
İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a danışıb:
“Neftin qiymətində son günlər müşahidə olunan ucuzlaşma hələlik Azərbaycan büdcəsi üçün ciddi narahatlıq doğuracaq səviyyədə deyil. Ümumiyyətlə, neft qiymətlərindəki ucuzlaşma son dövrlərdə müşahidə olunan qiymət artımları ilə müqayisədə cüzi dəyişiklikdir. Bu baxımdan, hazırda həmin ucuzlaşmanın Azərbaycan büdcəsinə mənfi təsir göstərəcəyini söyləmək tezdir. 2027-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Hazırkı bazar qiymətləri isə bu göstəricidən xeyli yüksəkdir. Bu səbəbdən neftin qiyməti indiki səviyyədə qaldığı müddətdə büdcəyə əlavə gəlirlərin daxil olmasına şərait yaranır”.
Qızılın ucuzlaşmasına gəlincə, iqtisadçı deyib ki, bu prosesin ölkəmiz üçün həm mənfi, həm də müsbət tərəfləri var:
“Azərbaycan da qızıl ixrac edən ölkələr sırasındadır. Buna görə də dünya bazarında qızılın qiymətinin aşağı düşməsi ölkənin ixrac gəlirlərinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, qızılın ucuzlaşması əhaliyə qızıl zinət əşyalarını və bu qiymətli metaldan hazırlanan digər məhsulları daha münasib qiymətə əldə etmək imkanı yarada bilər. Eyni zamanda, qızıldan müxtəlif sahələrdə, o cümlədən elektrik və elektronika sənayesində istifadə olunur. Bu baxımdan, xammalın ucuzlaşması həmin sahələrdə istehsal olunan bəzi məhsulların maya dəyərinə və qiymətinə də müsbət təsir göstərə bilər”.
Eyyub Kərimliyə görə, bu cür qiymət dəyişikliklərini daha uzun müddət ərzində müşahidə olunmalıdır:
“Həm neftin, həm də qızılın qiymətində dəyişkənlik mövcuddur. Xüsusilə neft bazarında qiymətlər gündəlik olaraq dəyişir, bir gün yüksəlir, növbəti gün isə aşağı düşür. Hazırda bazarda sabit tendensiyadan danışmaq çətindir. Buna görə də qiymət dəyişikliklərini yalnız bir neçə günlük göstəricilər əsasında deyil, ümumi orta illik qiymətlərlə müqayisədə təhlil etmək daha doğru yanaşmadır”.
























