
Ermənistan Baş naziri Nikol Paşinyan “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi istiqamətində artıq praktiki addımların atıldığını açıqlayıb. O bildirib ki, Ermənistan hökuməti layihənin inkişafı üzrə müvafiq şirkət təsis edilməmişdən əvvəl dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi işlərinə başlayacaq. Paşinyanın sözlərinə görə, məqsəd vaxt itirməmək və indiyədək görülən işləri gələcəkdə layihənin icrasına cavabdeh olacaq şirkətə təhvil verməkdir.
Baş nazir TRIPP-in Ermənistan üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq, layihənin ölkənin 30 ildən artıqdır davam edən blokadadan çıxmasına və Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində nəqliyyat kommunikasiyalarının açılmasına şərait yaradacağını iddia edib. O, layihənin əsas infrastruktur komponentlərinə Nrnadzor-Kerçevan dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin daxil ediləcəyini, qaz və neft kəmərləri məsələsinin isə sonrakı mərhələdə müzakirə olunacağını bildirib.
Paşinyan, həmçinin Rusiyanın TRIPP layihəsində zəmanətçi qismində iştirak etməsi ilə bağlı müxalifətin təkliflərinə sərt reaksiya verib. O, tarixən zəmanətçilərin iştirak etdiyi proseslərin uğursuzluqla nəticələndiyini iddia edərək, müxalifəti müəyyən xarici qüvvələrin himayəsi altında fəaliyyət göstərməkdə ittiham edib. Ermənistan hökumətinin iqtisadi öhdəliklərini yerinə yetirməsinə mane olmaq məqsədi daşıyan planın mövcudluğundan danışan baş nazir bu təşəbbüsün Avrasiya İqtisadi Birliyinin və Rusiyanın müəyyən dairələrində dəstəkləndiyini də iddia edib.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Sherg.az-a açıqlamasında bildirib ki, bu layihəni həm TRIPP, həm də Zəngəzur dəhlizi adlandırmaq olar:
“Baxmayaraq ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarını xeyli genişləndirib və Gürcüstan üzərindən kifayət qədər nəqliyyat imkanlarımız var. Bundan əlavə, Orta Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çinlə Avropa arasında birbaşa nəqliyyat əlaqəsi yaranır. Lakin digər tərəfdən, bu layihə Zəngəzur dəhlizinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Çünki bu dəhliz ilk növbədə Azərbaycanın özü üçün də vacibdir. Beləliklə, Naxçıvanla birbaşa əlaqə qura bilərik.
Bununla bağlı məlumatımız da var. Türkiyə artıq öz ərazisindən Qarsdan Naxçıvana dəmir yolu çəkilməsi barədə qərar qəbul edib. Orada işlər o qədər də asan olmayacaq, çünki ərazidə dağıntılar var. Buna görə də müəyyən vaxt tələb olunacaq.
Digər tərəfdən, Azərbaycan İran vasitəsilə də Naxçıvanla əlaqələr qurur və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Bu dəhliz Ermənistan üçün də çox önəmlidir. Mən belə başa düşürəm ki, Paşinyanın çıxışlarında da məhz buna istinad edilir: Ermənistanın iqtisadiyyatı inkişaf edə bilər. Çünki bu dəhlizdən həm dəmir yolu, həm elektrik xətləri, həm boru kəmərləri, o cümlədən bəzi qaz xətləri keçəcək. Həmçinin avtomobil yolları və digər kommunikasiya xətləri də layihəyə daxildir. Yəni bu, Ermənistan iqtisadiyyatı üçün çox əhəmiyyətli və faydalı marşrut ola bilər. Ona görə də bu layihənin tezliklə reallaşacağına tam əminəm”.
Sabiq nazir Rusiyanın və ya digər ölkələrin layihədə iştirakı məsələsinə də toxunaraq bunun ilk növbədə təhlükəsizlik baxımından nəzərdən keçirilməli olduğunu bildirib:
“Çünki artıq belə bir fikir səsləndirilib ki, Ermənistanın bütün sərhədləri tamamilə Ermənistan sərhədçilərinin nəzarətinə veriləcək. Amma bunun praktik olaraq necə həyata keçiriləcəyi məsələsi var. Hüquqşünaslar bu məsələyə baxmalı və uyğun hüquqi mexanizm tapmalıdırlar. Çünki təhlükəsizlik məsələsi çox önəmlidir, hətta iqtisadiyyatdan da vacibdir. Bununla belə, məndə heç bir şübhə yoxdur ki, bu dəhliz reallaşacaq”.
Dəhlizin fəaliyyətə başlamasının Azərbaycan və Ermənistan arasında sülh prosesinə hansı töhfələri verə biləcəyi ilə bağlı suala cavabında E. Məmmədyarov sülh sazişinin Ermənistan Konstitusiyası ilə əlaqəli olduğunu vurğulayıb:
“Paşinyan parlamentdə yeni Konstitusiya layihəsini təqdim edəcəklərini deyib. İndi görək, bundan sonra nə baş verəcək. Çünki Paşinyan onu da bildirib ki, müxalifət etiraz edəcəyi təqdirdə növbədənkənar parlament seçkiləri elan edə bilər. Çox güman ki, Ermənistan əhalisinin əksəriyyəti həmin dəhlizi dəstəkləyir”.























