
“Ermənistan Respublikasının yeni konstitusiyasının qəbul edilməsi prosesinə dair nikbinliyi durmadan artır”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan 2027-ci ilin dövlət büdcəsinin ilkin müzakirəsi zamanı parlamentdə çıxış edərkən belə deyib. “Yeni Konstitusiyanın layihəsini yaxın gələcəkdə dərc edəcəyik. İlin sonuna qədər demişdim, amma noyabr ayında dərc olunacaq”, - deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, Paşinyanın bu açıqlaması yaxın günlərdə Azərbaycanla Ermənistan arasında slühün mümkünlüyü ilə bağlı suallara aydınlıq gətirəcək.
Konstitusiyanın yeni mətnində Azərbaycana ərazi iddialarını nəzərdə tutan preambula hissəsinin çıxarıldığı məlum olarsa, bu halda sülh müqaviləsinin imzalanacağından danışmaq olar. Lakin ilkin mətnin dərc olunması hələ yekun sənəd deyil. Konstitusiya layihəsi referenduma çıxarılmazdan əvvəl bir neçə redaksiyada oxunuşdan keçəcək və ümumxalq səsverməsinə yekun variant təqdim olunacaq.
Üstəlik, Azərbaycana qarşı ərazi iddialarının yer almadığı yeni konstitusiya hüquqi qüvvəyə mindikdən sonra sülh müqaviləsi imzalana bilər.
Lakin Ermənistan qanunvericiliyinə görə, yeni konstitusiya layihəsinin referenduma çıxarılması üçün Milli Məclisdəki deputatların üçdə ikisi həmin sənədi lehinə səs verməlidir.
Eyni zamanda, Konstitusiyanın tamamilə yeni mətninin ümumxalq səsverməsinə çıxarılması üçün yenə deputatların üçdə iki səs çoxluğu tələb olunur. Bu baxımdan, Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” fraksiyası parlamentdə konstitusion çoxluğa malik olmadığına görə müxalifətin ciddi müqaviməti ilə üzləşəcək.
Bu isə referendumun keçirilməsinə ciddi maneə yaradır. Amma Paşinyanın manevr imkanları göründüyü qədər də məhdud deyil. Ermənistan Konstitusiyasının 202.3-cü maddəsinə görə, sözügedən sənədi parlamentdəki deputatların üçdə ikisi qəbul etməsə, o zaman Paşinyan hakimiyyəti beşdə üç səs çoxluğu ilə konstitusiya layihəsini referenduma təqdim edə bilər.
Bu isə 63 səs deməkdir. Paşinyanın partiyasının parlamentdə 64 mandatla təmsil olunduğunu nəzərə alsaq, deməli ikinci dəfə səsverməyə çıxartmaqla konstitusiya layihəsini referenduma təqdim etmək olar. Doğrudur, müxalifətin ən azı Ermənistan Konstitusiya Məhkəməsinə layihənin qanunauyğunluğunu müəyyən etmək barədə müraciət etmək hüququ var.
Lakin bu halda Konstitusiya Məhkəməsinin hakimiyyətin xeyrinə qırara çıxaracağı şübhə doğurmur. Ona görə də Paşinyanın referendum keçirmək üçün istefa verməsinə və növbədənkənar seçşkilərə getməsinə ehtiyac yoxdur. Bununla yanaşı, Paşinyanın referendum keçirmək istəyinin yalnız Azərbaycanla sülh müqaviləsi imzalamaq məqsədi daşıdığı barədə deyilənlər inandırıcı görünmür. Eyni zamanda, Paşinyan yeni konstitusiyanın qəbulunda da maraqlıdır.
Yəni Ermənistan Konstitusiyasına dəyişiklik məsələsi bir paketdə baxılsa da, ayrılıqda təhlil olunmalıdır. Çox güman ki, konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad hissəsi yer almayacaq. Beləliklə, preambulada paralele olaraq, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları aradan qalxacaq.
Lakin bu məsələdə Paşinyan hakimiyyətinin gerçək məqsədi Müstəqillik Bəyannaməsində əksini tapan başqa bir müddəaya xitam verməkdir. Konstitusiyanın preambulasına əsasən, hazırkı Ermənistan dövləti 1918-1920-ci illərdə İrəvan mahalında yaradılmış və tanınmayan Ararat-daşnak Respublikasının siyasi varisidir.
Ermənistanda Ararat birinci, Ermənistan SSR ikinci, 1991-ci ildə müstəqillik qazanmış Ermənistan üçüncü respublika adlanır. Paşinyan isə “Dördüncü respublika” modelini təklif edir. “Real Ermənistan” ideyasına əsaslanan “Dördüncü respublika” Ermənistan SSR-in siyasi varisi kimi təqdim edilir.
Çünki Paşinyan və digər hakimiyyət rəsmiləri yaxalarında “Real Ermənistan” adı ilə Ermənistan SSR-in xəritəsini gəzdirir.
Paşinyanın məqsədi “Real Ermənistan” layihəsini və ya “Dördüncü respublika” modelini yeni konstitusiyada təsbit etməkdir. Qeyd edək ki, Ararat Respublikasının ərazisi 9 min kvadrat kilometr təşkil edib. Sovet dövründə isə Azərbaycanın tarixi torpaqları qanunsuz olaraq Ermənistana verilib və nəticədə, bu ərazilər 29743 kv.km.-ə qədər artırılıb.
Ona görə də Paşinyan “Birinci respublika”nın siyasi varisliyindən imtina etmək və “Real Ermənistan”ı konstitusiyaya daxil etməklə Sovet dövründə qanunsuz yolla qoparılmış torpaqları legitimləşdirmək istəyir.
























