
İnformasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Guven Technology”də rəhbər təyinatı baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Elşən Şahverdiyev “Guven Technology” MMC-də maliyyə planlaşdırılması və təhlili bölməsinin rəhbəri vəzifəsinə təyin olunub.
O, 2023-cü ilin noyabrından Dövlət İmtahan Mərkəzində Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə ekspert kimi fəaliyyət göstərir. O, həmçinin 2025-ci ilin noyabrından “Barattson”, 2024-cü ilin iyunundan “Performance Finance Academy” tədris mərkəzlərində ACCA üzrə təlimçi kimi çalışır.
O, 2019-cu ilin avqustunda təsis etdiyi “FinAudit Academy”də də ACCA və IFRS üzrə təlimlər keçir. Bu çərçivədə “Kapital Bank”, Maliyyə Nazirliyi, Hesablama Palatası, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Dövlət Aqrar Sığorta Fondu üçün maliyyə, mühasibatlıq, audit və maliyyə hesabatlarının təhlili istiqamətlərində təlim proqramları təşkil edib.
Elşən Şahverdiyev bundan əvvəl, 2023-cü ilin dekabrından 2026-cı ilin oktyabrınadək “Avromed Company” QSC-də qrup üzrə daxili audit meneceri, 2023-cü ilin yanvarından dekabr ayınadək isə baş daxili auditor vəzifəsində çalışıb.
O, 2021-ci ilin dekabrından 2023-cü ilin yanvarınadək Azərbaycan Dövlət Reklam Agentliyində büdcə və maliyyə nəzarəti bölməsinin rəhbəri, bundan əvvəl isə həmin bölmənin baş mütəxəssisi və rəhbər vəzifəsini müvəqqəti icra edən şəxs olub.
Elşən Şahverdiyev 2020-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək “PAŞA Construction” MMC-də qrup üzrə daxili auditor, 2020-ci ilin yanvarından noyabr ayınadək maliyyə mütəxəssisi, 2019-cu ilin fevralından 2020-ci ilin yanvarınadək isə kiçik maliyyə mütəxəssisi kimi fəaliyyət göstərib.
O, əmək fəaliyyətinə 2018-ci ilin avqustundan 2019-cu ilin yanvarınadək “Veysəloğlu” Şirkətlər Qrupunda kiçik maliyyə mütəxəssisi kimi başlayıb.























