
Azərbaycanda uzun illərin müzakirəsindən sonra qəbul edilən Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən etibarən qüvvəyə minib.
12 fəsil və 84 maddədən ibarət olan bu məcəllə qüvvəyə mindikdən sonra əvvəlki "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında" və "Təbii inhisarlar haqqında" qanunlar qüvvədən düşüb. Məcəllə Azərbaycanda azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
Artıq Rəqabət Məcəlləsinin qəbul edilməsindən bir 2 il keçib. Ancaq ölkədə bir sıra sahələrdə, xüsusilə də əhalinin ərzaq, kənd təsərrüfatı məhsulları ilə bağlı təminatında rəqabət mühiti hiss olunmur. Belə ki, hazırda paytaxtda fəaliyyət göstərən marketlərdə məhsulların hamısı eyni qiymətə satılır. Bununla yanaşı, son vaxtlar ətin qiymətində artım davam etsə də bununla bağlı heç bir addım atılmır.
Maraqlıdır, Rəqabət Məcəlləsi qəbul edildikdən sonra niyə bazar qiymətlərində heç bir dəyişiklik müşahidə edilmir?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov da “Cebheinfo.az”-a bildirib ki, Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra heç nə dəyişməyib:
“Birincisi ona görə ki, bu məcəllənin qəbulu 17 il çəkdi. Yəni uzun müddətdən, ölkə iqtisadiyyatı inhisarlaşandan, təmərküzləşəndən sonra qəbul olundu. Məcəllə qəbul olunduqdan sonra yenə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətini görmürük.
Çünki fəaliyyəti qeyri-şəffafdır. Məsələn, mən həmin quruma bir müraciət etmişəm və 6 aydan çoxdur ki, baxılır. Konkret demişəm ki, bu şirkət ölkəyə filan malı gətirir, 4-5 dəfə baha qiymətə satır, inhisarçıdır, tədbir görün. Heç nə etmirlər. Yəni şəffaflıq olmadığı üçün onlar da heç nə etmirlər. Ona görə də bu Rəqabət Məcəlləsi də qeyri-işlək oldu”.
























