"Maraqlıdır, kazinoların açılması ilə bağlı sual veriblər. Cavabım da qısa və aydındır: qumarın bütün növlərinin legitimləşdirilməsinə qarşıyam. Ancaq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında deputat Fazil Mustafa qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Ancaq qanunvericilikdə bu varsa, artıq bu fəaliyyət növü ilə məşğul olmaq sahibkarın haqqıdır. Bu cəmiyyətimizin mənəvi mühiti üçün ciddi risqlər yarada bilər, yaxşı olar ki, təcrid olunmuş və şəhərdən uzaq yerlərdə olsun ki, insanları rahatsız etməsin". Təqribən belə. İrana işləyən şəbəkə, ərəb dinçiliyinin qaragüruhu, o cümlədən onlarla əlbir olan bəzi cəbhə törtöküntüləri sevincək təhrifedici başlıq qoyub evdə analarına, atalarına danışdığı sözləri rəylərinə köçürürlər. Bir-iki səhifəyə nəzər salanda baxıram ki, bu Vətən xainlərinin əksəriyyəti mahiyyətcə İslam kimi gözəl dini kazinoya çevirib inanc qumarı oynayanlardır. Qəsdən yanlış başlıq qoyub rahatca və əxlaqsızcasına böhtan atırlar. Sonra da gedib namazlarını qılırlar. Əsil kazino, əsil qumar budur e... Ona görə də fikrimi bir də açıq söyləyirəm: bir Azərbaycan vətəndaşı olaraq qumarın hər növünə qarşıyam, xüsusilə də gözəl dinimizi təhrif edən dinçilərin illərdir bu məmləkətdə oynadığı inanc qumarına..."
























