
Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa etmək niyyətindədir. Eyni zamanda Rusiya neftinin Bakı-Novorossiysk boru kəməri vasitəsilə Azərbaycana nəql edilərək yerli neft emalı zavodlarında istifadə olunması imkanları da müzakirə mövzusuna çevrilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov “Rusiya Enerji Həftəsi” forumunda çıxışı zamanı danışıb.
E.Nəsirov bildirib ki, SOCAR Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığı nümunəvi hesab edir. Onun sözlərinə görə, Azərbaycan əvvəlcə “Qazprom”dan qaz alıb, daha sonra bu şirkətə qaz tədarük edib, indi isə yenidən Rusiyadan qaz almaq istəyir.
““Qazprom” kimi nəhəng şirkətlə əməkdaşlığımızın çox düzgün nümunə olduğunu qürurla deyə bilərik. Yəqin ki, SOCAR dünyada əvvəlcə “Qazprom”dan qaz alan, sonra ona qaz tədarük edən, indi isə yenidən qaz almaq istəyən yeganə şirkətdir", - deyə SOCAR rəsmisi bildirib.
SOCAR rəsmisi həmçinin Bakı-Novorossiysk neft kəmərinin əks istiqamətdə işlədilməsinin mümkünlüyünə toxunub. O qeyd edib ki, Rusiya tərəfi istək göstərərsə, kəmərin istiqamətini dəyişərək Rusiya neftini Azərbaycandakı neft emalı zavodlarına çatdırmaq mümkündür.
SOCAR vitse-prezidentinin sözlərinə görə, boru kəmərinin istiqamətinin dəyişdirilməsi texniki baxımdan mümkündür. O, 1996-cı ildə kəmərin əks istiqamətdə işlədildiyini xatırladıb.
Bu açıqlamalar Azərbaycan-Rusiya enerji əməkdaşlığının gələcək istiqamətləri baxımından diqqət çəkir. Bununla belə, qaz alışının bərpası və Rusiya neftinin Azərbaycana nəqli ilə bağlı konkret həcm, müddət və kommersiya şərtləri açıqlanmayıb. Hazırkı mərhələdə söhbət SOCAR rəhbərliyinin ifadə etdiyi niyyətdən və mümkün nəql variantından gedir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, əslində son dövrlərdə Azərbaycanla Rusiya arasında münasibətlərdə sərt ritorikanın müəyyən qədər arxa plana keçdiyini və qarşılıqlı münasibətlərdə yumşalmanın müşahidə olunduğunu görürük: “Bununla belə, münasibətlərdə müəyyən gərginliyin yaşandığı dövrdə belə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf dinamikası qorunub saxlanılıb və bu sahədə ciddi geriləmə baş verməyib. Bu baxımdan, SOCAR-la "Qazprom" arasında əməkdaşlığın davam etdirilməsini və qaz tədarükü ilə bağlı mümkün razılaşmaları prinsip etibarilə yeni bir hadisə kimi qiymətləndirmirəm. Əksinə, bu, Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin mövcud reallıqlar çərçivəsində davam etdirilməsinin məntiqi nəticəsidir.
Məsələyə iqtisadi prizmadan yanaşdıqda, SOCAR-ın Rusiyadan təbii qaz və zərurət yaranarsa, neft idxal etməsi ölkənin daxili tələbatının daha səmərəli şəkildə ödənilməsinə xidmət edə bilər. Hazırda dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində müşahidə olunan artım fonunda belə bir yanaşmanın iqtisadi əsasları kifayət qədər aydındır. Əgər Azərbaycan daxili istehlakın müəyyən hissəsini daha əlverişli şərtlərlə idxal hesabına təmin edə bilirsə, öz enerji resurslarını dünya bazarlarında daha yüksək qiymətlə satmaq və bununla da daha çox gəlir əldə etmək imkanı qazanır. Burada əsas məsələ idxal və ixrac əməliyyatları arasındakı iqtisadi səmərəlilik nisbətidir. Əlbəttə, belə bir modelin nə dərəcədə sərfəli olması alış və satış qiymətlərindən, nəqliyyat xərclərindən, müqavilə şərtlərindən və daxili bazarın tələbatından asılıdır. Lakin bütün bu amillər nəzərə alınmaqla, daha ucuz enerji resurslarının idxal edilməsi və yerli resursların daha gəlirli bazarlara yönəldilməsi tamamilə məntiqli iqtisadi strategiyadır. Bu, mahiyyət etibarilə, biznesin əsas prinsiplərindən biridir, yəni resursları daha səmərəli idarə etmək, xərcləri optimallaşdırmaq və gəlirliliyi artırmaq. Dövlətin enerji siyasətində də kommersiya məntiqi və milli iqtisadi maraqlar əsas götürülməlidir. Bu baxımdan, SOCAR-la “Qazprom” arasında əməkdaşlığın mümkün genişlənməsini müsbət qiymətləndirirəm. Əgər bu əməkdaşlıq Azərbaycana daxili enerji tələbatını daha əlverişli şərtlərlə təmin etməyə, öz resurslarını isə dünya bazarlarında daha sərfəli qiymətlərlə satmağa imkan verəcəksə, bu, həm iqtisadi səmərəlilik, həm də milli maraqlar baxımından məqsədəuyğun addım olacaq".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə məsələ ilə bağlı bunları dedi: “Azərbaycan keçmiş illərdə də Rusiya ilə enerji əməkdaşlığı edirdi. Sonralar bir qədər fasilə verdi. Azərbaycan bunun əleyhinə deyil. Rusiyanın yanlış siyasəti ölkəmizə qarşı münasibətlərin korlanmasına gətirib çıxardı. Amma Azərbaycan heç zaman şimal qonşusu ilə iqtisadi-ticari əlaqələrin əleyhinə olmayıb. Tam əksinə, Azərbaycan bütün qonşularla, o cümlədən Rusiya ilə iqtisadi, ticari və enerji əməkdaşlığının tərəfdarıdır. İndiki enerji əməkdaşlığı da bunun tərkib hissəsidir. Əgər hər iki tərəf üçün enerji əməkdaşlığı faydalıdırsa, niyə də bu imkanlardan istifadə edilməsin...”
"Yeni Müsavat"























