
"Millət vəkili Xanlar Fətiyevin istər Bərdədə, istərsə də Tərtərdə seçiciləri ilə görüşlərindən yayılan fotolara baxanda diqqətimi bir məqam çəkir: görüşlər əsasən ayaqüstü keçirilir..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında şəhid qardaşı Xəyyam Salmanzadə qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: "Maraqlıdır, cənab Fətiyev niyə seçiciləri ilə bir masa arxasında, çay süfrəsi ətrafında səmimi söhbət etmir? Niyə onların şikayət və təkliflərini rahat şəraitdə dinləmir? Niyə seçici saatlarla ayaqüstə dayanaraq öz növbəsini gözləməlidir?
Bəlkə də bunun özünəməxsus səbəbi var. Ancaq seçicilərin yorulmadan, tələsmədən dərdlərini danışa bilməsi üçün daha münasib şərait yaratmaq olmazmı?
Deputatın işi təkcə seçicini dinləmək deyil, həm də ona dinlənildiyini hiss etdirməkdir. Qəbul formal görüşdən ibarət olmamalı, vətəndaşın probleminin həllinə aparan səmimi ünsiyyətə çevrilməlidir.
Müşahidələrimə görə, Xanlar Fətiyevin rayonlarda keçirilən tədbirlərdə iştirakı, şəhid ailələrinə və qazilərə ziyarətləri barədə ictimaiyyətə kifayət qədər məlumat təqdim olunmur.
Cənab Fətiyev, seçici yalnız seçki vaxtı xatırlanmalı deyil. Onunla ünsiyyət, dərdini dinləmək və problemlərinin həllinə dəstək olmaq deputatın əsas vəzifələrindəndir.
İctimaiyyət də haqlı olaraq bilmək istəyir: seçicilərin qəbulu niyə bu formada təşkil olunur və vətəndaşların daha rahat şəraitdə dinlənilməsi üçün hansı addımlar atıla bilər?"
























