
"M10 hesabımın bloklanmasından sonra yaranmış problemin həlli üçün artıq 3–4 gündür müştəri xidmətləri ilə əlaqə saxlamağa çalışıram. Lakin qarşılaşdığım vəziyyət qəbuledilməzdir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan Əli Şahmarlı adlı istifadəçi daha sonra başına gələnləri belə nəql edir:
"Mənə bildirilib ki, müraciətlərə yalnız WhatsApp vasitəsilə baxılır. WhatsApp üzərindən yazdığım mesajlara isə 6–7 saat sonra cavab verilir. Çağrı mərkəzinə zəng etdikdə də məsələ ilə bağlı kömək göstərilmir və yenidən WhatsApp üzərindən müraciət etməyim tövsiyə olunur.
Nəticədə, hesabım bloklanmış vəziyyətdə qalır, problem həll olunmur və mənə effektiv dəstək göstərilmir.
Bir neçə sualım var:
* Müştərinin hesabı bloklandıqda problemin operativ həlli üçün niyə alternativ dəstək kanalı mövcud deyil?
* Çağrı mərkəzi müştəriyə real kömək göstərə bilmirsə, onun funksiyası nədən ibarətdir?
* Müştəri müraciətlərinə saatlarla gec cavab verilməsi və problemin günlərlə həll olunmaması hansı xidmət standartlarına uyğundur?
Məsələ yalnız hesabımın bloklanması deyil, həm də müştəri xidmətlərinin problemə yanaşması və operativliyin olmamasıdır.
M10 rəhbərliyindən xahiş edirəm ki, məsələyə müdaxilə etsin, hesabımın bloklanma səbəbini aydın şəkildə izah etsin və problemin həlli üçün konkret addımlar atsın.
Zərurət yaranarsa, müraciətimi Azərbaycan Respublikasının Mərkəzi Bankına da ünvanlayacağam.
Ümid edirəm ki, bu paylaşım aidiyyəti şəxslərin diqqətini çəkəcək və məsələ nəhayət həllini tapacaq..."
























