
Naxçıvan Mərkəzi Uşaq Xəstəxanasında dərman çatışmazlığı və işləməyən avadanlıqların uşaqların həyatını təhlükəyə atdığı bildirilir. “Gündəlik Naxçıvan”a danışan valideynlər deyirlər ki, adi dərmanları belə özləri almalı, uşaqlarını müayinə üçün başqa tibb müəssisələrinə aparmalı olurlar.
Şikayətçilərin sözlərinə görə, palatalarda normal istilik yoxdur, elektrik kəsiləndə isə generatorlar da işləmir.
Adının açıqlanmasını istəməyən tibb işçisi bildirir ki, xəstəxanadakı çatışmazlıqların yaratdığı narazılıqla da üz-üzə qalan onlardır:
“Pulsuz dərman çatmır, çünki, apteklərdə satışa çıxarıblar. Avadanlıqların çoxu köhnədir, işləmir, çünki təzənin pulunu yeyiblər. Bizi isə bu şəraitdə işləməyə məcbur edirlər. Bu yaxınlarda ayağından travma alan bir uşağa gips qoyulması beş saat çəkdi. Çünki rentgen aparatı işləmirdi. Belə olanda uşağı ya başqa xəstəxanaya rentgenə aparmalısan, ya da aparata lazım olan hissəni müvəqqəti Respublika Xəstəxanasından gətirməlisən. Bunlar vaxt aparır, uşaq da gözləməli olur.
Valideynlər haqlı olaraq narazılıq edirlər, amma günahı bizdə görürlər. Hər dəfə nazir dəyişəndə ümid edirik ki, vəziyyət düzələr. Əksinə, getdikcə ağırlaşır. İşimizi itirməkdən qorxduğumuz üçün susuruq. Vətəndaşların şikayətlərinə də baxan yoxdur”.
Övladını yüksək hərarətlə xəstəxanaya gətirən Kamal Vəliyev isə dərmanları öz hesabına aldığını, uşağın müayinəsinin saatlarla çəkdiyini deyir:
“Uşağın hərarəti çox yüksək idi. Xəstəxanaya gətirdim, ilk müdaxilə üçün belə məni dərman almağa göndərdilər. Dedilər ki, dərman yoxdur. Müayinəsi, diaqnozun qoyulması saatlar çəkdi. Səbəbini soruşanda dedilər ki, aparatlar işləmir.
Bir neçə gün xəstəxanada qalmasını məsləhət gördülər. Amma palatalarda normal istilik yoxdur. Bütün dərmanları özüm aldım, hər şeyə pul istəyirlər. Bunun harası dövlət xəstəxanasıdır? Uşağı sağalsın deyə gətirirsən, burada isə sağ qalacağından narahat olursan. Təcili köməyə ehtiyacı olan uşağı saatlarla gözlətmək olar? Valideyn belə vəziyyətdə nə etsin?”
























