
"Məlum olduğu kimi, son olaraq dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,88 ABŞ dolları və ya 3,17 % artaraq 126,16 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 118,76 ABŞ dolları təşkil edib. Bir sözlə, neftin qiyməti bu gün neft ölkələrini, həmçinin Azərbaycanı qane edəcək səviyyədədir. Hətta arzulanan qiymətlərin üstündədir də deyə bilərik". "DİA-AZ" xəbər verir ki, bu ifadələr bir qrup SOCAR işçisi adından sözügedən qurumun rəhbəri Rövşən Nəcəfə ünvanlanmış müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Təbii ki, əlavə qazanc əlavə imkanlar deməkdir. Və biz sevinirik ki, ağır zəhmətlə çıxardığımız neft layiqli qiymətə satılır. Amma maləsəf... illərdir ki, bizim bu əzab-əziyyətimiz layiq olduğu şəkildə qiymətləndirilmir.
Artıq 7-ci ilə yaxınlaşır ki, bizim əlavə gəlir və müavinətlərimiz kəsilib. Bu yeddi il ərzində öılkədə müşahidə olunan bahalaşmanı kiməsə izah etməyə ehtiyac yoxdur. Elə bir yandan dövləti Taarif Şurası tərəfindən qaldırılan kommunal xərclər, hətta dava-dərmanın, satılan benzinin, dizelin belə qiymətinin dəfələrlə bahalaşdırılması, digər yandan da paralel olaraq digər sahələrdə baş verən bahalaşmalar, xüsusən də ərzağın qiymətinin qalxması bizim hansı dərəcədə səfilləşməyimizi tam olaraq izah etməkdədir.
Cənab Rövşən Nəcəf. Sizin bizim rəhbərimiz olaraq maaşlarımızın qalxması üçün yuxarılar qarşısında məsələ qaldıracağınıza dəfələrlə ümid etmişik, Sonuncu dəfə 20 Sentyabr - Neftçilər Günündə belə bir XAM XƏYALA düşmüşdük. Amma olmadı...
İndi neçə müddətdir ki, neftin qiyməti - bizim zəhmətimizin dəyəri bahalaşır. Bu əlavə qazancdan yaranmış valyuta-maddi ehtiyatları imkan yaradır ki, bizim maaşlarımıza yenidən baxılsın.
Əks halda, sabah kölə kimi işlətməyə kimsəni tapa bilməyəcəksiniz. Çünki bizlər həqiqətən də neft və milyonlar ölkəsinin dilənçi vətəndaşlarıyıq..."
























