Keçən günlərdə illərdi maaşları artmayan və hələ də ölkəyə ən böyük qazancı gətirən SOCAR işçilərinin əməkhaqqı problemini əks etdirən növbəti işçi müraciətini ictimailəşdirdik. Qeyd edək ki, bu müraciət böyük rezonansa nədən olmaqla yanaşı, portalımızın ayrı-ayrı sosial şəbəkə hesablarında üst-üstə 140 minə yaxın oxunma sayı topladı. Bu isə o demək idi ki, "DİA-AZ"da yer alan işçi müraciəti sosial maraq dairəsindədir.
"Neftçi deputatdır ki maaşı artsın?.." Bu ironik reaksiyanı isə Rasim Mahmudov adlı SOCAR çalışanı qeyd edib. Əslində acı həqiqəti əks etdirən bu bir cümlədən də aydın olur ki, maaşları az qala ilbəil yox, aybaay artan və sıravi neftçidən 20-30 dəfə artıq əməkhaqqı alan deputatlarımız belə ölkəmizin əsas GƏLİR QAYNAĞI olan SOCAR-da çalışanların sosial durumuna biganədirlər. Bir dəfə də olsun, hansısa deputat neftçilərin maaş məsələsinə toxunmayıb. Hər halda, Milli Məclis məhz bu kimi məsələlərin müzakirə olunduğu, qərar verildiyi ünvandır. Doğrudur, hörmətli spikerimiz Sahibə Qafarova belə düşünmür, hesab edir ki, Milli Məclis müzakirə yeri deyil... gəlin yan yatmaq yeridir... Ona görə də deputatlar bir çox taleyüklü məsələlərdə olduğu kimi, neftçilərin əməkhaqqı məsələsində də ağızlarına su alıb oturmağa üstünlük verirlər...
Neftçilərsə narazıdır. Biz də "DİA-AZ" olaraq növbəti işçi gileylərini təqdim edirik.
Beləliklə... Nadir Şirinov adlı işçi yazır: "Fəhlənin canı cıxır gecə-gündüz çalışır... Artım ancaq yuxarda oturanlar ücündür, fəhlədən hər şey tələb edirsiniz, amma fəhləyə catanda... "baxılacaq".
Adi bir işci çatışmazlığından məcbur qalıb tək işləyirsən, amma yuxarıda oturanların - rəhbərliyin tək düşünmədiyi bir şey var: Allah etməsin o təkbaşına calışdırdığnız fəhlənin başına nəsə bir iş gəlsə və ya bir hadisə baş verdiyində bunun məsuliyyətini kim daşıyacaq... hec bunu düşünürlərmi görəsənn? Yazıq fəhlə özünü öldürsün, amma siz fəhlədən beş qat əmək haqqı alın... Fəhlə əmək haqqı azlığından narazılıq etdiyində isə deyirlər ki, bizim gücümüz səviyyəsində deyil...
Bu bir yana... maaşlar vaxtlı-vaxtında belə verilmir. Hər ay gecikir. Deyəndə də hamı susur..."
























