
Məlum olduğu kimi, keçən həftə səs-küylü bir kadr dəyişikliyi ilə diqqətə gəldi. Söhbət Mirsaleh Seyidovun ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifələrindən azad edilməsindən gedir. Xatırladaq ki, bununla bağlı imzalanan sərəncamla Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edildi.
Qeyd edək ki, Sahib Rzayevlə bağlı yerli KİV-də o qədər də məlumatlar olmasa da, onun sadəcə olaraq ali təhsili ilə bağlı müəyyən müəmmalı bilgilər mövcuddur. İddia olunur ki, həmyaşıdlarından fərqli olaraq ali təhsil dalınca 3 il gec düşən PX-in yeni rəhbəri əslində nüfuzsuz özəl ali təhsil ocaqlarından birinin tələbəsi olub. Yalnız sonradan BDU-ya "düzələ bilib". Bu barədə növbəti yazımızda daha geniş bilgi verməyə çalışacağıq.
"DİA-AZ"a daxil olan son məlumatlardan belə aydlın olur ki, Sahib Rzayev vəzifə başına keçən gündən bir çoxlarının kürkünə birə düşüb:
"Elə cəzaçəkmə müəssisəsi rəhbəri var ki, artıq yeni rəhbərliklə uzlaşa bilməyəcəyinin fərqindədir. Onlar Mirsaleh Seyidovun ən yaxını olanlardır və adları dəfələrlə yerli KİV-də qanunsuz əməllərdə hallanıb. Aydın olanı odur ki, yeni əris həmin CÇM rəhbərləri ilə işləməyəcək".
Artıq "vurulacaqların" konkret siyahısının olduğunu iddia edən mənbəyə görə, gələn həftədən dəyişikliklər start götürəcək.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...
























