
"Artıq bəzi sistem əhəmiyyətli banklarımız da borclu sahibkarlardan hüquq-mühafizə orqanlarına şikayət etməyə başlayıblar. Faktiki olaraq hüquq-mühafizə orqanlarını kollektor kimi istifadə edirlər. Əvvəllər bu yolverilməz fənddən yalnız bəzi kiçik və orta səviyyəli banklarımız yararlanırdı. İri banklarımız isə bunu “cındırlıq” hesab edərək problemi sivil yolla məhkəmədə həll edirdilər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Məsələ burasındandır ki, borclu sahibkara qarşı yalnız iki əsasla cinayət işi “tikmək” olar: kredit alınarkən banka maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumat vermə və ya kreditdən təyinatı üzrə istifadə etməmə (Cinayət Məcəlləsinin 195-ci maddəsi). Bu halları sübut etməyin çətin olması bir tərəfə, onlar barədə şikayətin özü banka qarşı da suallar doğurur: “aldığınız məlumatı niyə yoxlamamısınız?”, “aldanmısınız, yoxsa aldanmaq istəmisiniz?”, “kreditin təyinatı üzrə istifadəsinə niyə nəzarət etməmisiniz?”, “bəlkə özünüz də sahibkarla əlbir olmusunuz?” və s.
Lakin təbii ki, iri banklarımız bu suallardan qorxmurlar. Çünki əllərində inzibati resurs var. Yalnız nüfuz riski var. Amma görünən odur ki, sistem əhəmiyyətli banklarımız üçün də imic heç nədir, susuzluq (pulsuzluq) hər şey! Bu yaxınlarda çox hörmətli banklarımızdan birinin çox hörmətli hüquq-mühafizə orqanına göndərdiyi şikayəti oxudum. Deyir ki, sahibkar krediti alanda mənə yanlış məlumat verib. Sonra da məlumatın mahiyyətini açıqlayır: sahibkarın biznes planı yanlış olub və yalnız sonrakı fəaliyyəti əsnasında bu bəlli olub. Hüquq-mühafizə orqanı da canla-başla bu şikayət üzrə təhqiqata başlayıb. Soruşuram ki, ay balam, axı biznes plan nə vaxtdan borc alanın maliyyə vəziyyəti barədə məlumat hesab olunur? Axı biznes plan gələcək barədə sənəddir, sahibkar necə bilə-bilə yalan məlumat verə bilər gələcək haqda? Bəs bank niyə bu planı adekvat təhlil etməyib? Məgər bank özünün biznes planındakı göstəricilərə tam nail ola bilirmi? Və s. və i.a. Amma nə faydası? Qoyublar özlərini “lomluğa”...
Bizə isə sadəcə nəticə çıxarmaq qalır. Görünür, iri banklarımız vəziyyəti o qədər pisdir ki, tüpürüblər imiclərinə də..."
























