"Mən, Fərhad Hümbətov, müxtəlif tarixlərdə Birbank kartımdan özümə məxsus ABB kartına bir neçə dəfə pul köçürməsi etmişəm. Köçürmələrin ümumi məbləği 100 AZN təşkil edir. Vəsait Birbank hesabımdan çıxılsa da, ABB kartıma daxil olmayıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Fərhad Hümbətov adlı istifadəçi yazaraq gileylənir.Narazı vətəndaş daha sonra bildirir: "Məsələ ilə bağlı hər iki banka rəsmi müraciət etmiş və yazılı cavablar almışam. Birbank vəsaitin hesabımdan çıxdığını təsdiqləyən rəsmi cavab təqdim edib. ABB isə həmin məbləğin hesabına daxil olmadığını bildirib.
Nəticədə hər iki bankın rəsmi cavabı olmasına baxmayaraq, problem həllini tapmayıb və pulum geri qaytarılmayıb.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına və Ombudsmana da müraciət etmişəm. Mərkəzi Bank tərəfindən araşdırmanın davam etdiyi bildirilib.
Mənim suallarım açıq qalır:
* Hesabımdan çıxan 100 AZN hazırda haradadır?
* Köçürmənin taleyinə görə hansı bank məsuliyyət daşıyır?
* Nə üçün vətəndaş öz pulunu geri almaq üçün uzun müddət mübarizə aparmalıdır?
Məqsədim heç bir tərəfi əsassız ittiham etmək deyil. Mənə məxsus vəsaitin yerinin müəyyən edilməsini, 100 AZN-in geri qaytarılmasını və məsələyə aydınlıq gətirilməsini tələb edirəm.
Aidiyyəti qurumlardan və hər iki bankın rəhbərliyindən məsələyə müdaxilə etmələrini, problemin obyektiv araşdırılmasını və vəsaitimin geri qaytarılmasına kömək göstərilməsini xahiş edirəm.
Bu müraciəti ictimailəşdirməkdə məqsədim həm öz hüquqlarımı müdafiə etmək, həm də oxşar problemlə üzləşən digər vətəndaşların diqqətini bu məsələyə yönəltməkdir..."


























