
Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki müəssisələrdə müəllim və istehsalat təlimi ustaları arasında narazılığın artdığı bildirilir.
"Bizimesr"-a müraciət edən, adlarının açıqlanmasını istəməyən əsasən bölgələrdə yerləşən müəllim və ustaların sözlərinə görə, aylardır əməkhaqlarını ala bilmirlər. Onlar işə gəlmək üçün yolpulu tapmaqda belə çətinlik çəkdiklərini bildirirlər.
Müraciətlərdə qeyd olunur ki, sonuncu əməkhaqqı avqust ayında ödənilib. Agentliyin əməkdaşları isə maaşlarını vaxtında, hətta daha tez alırlar.
Müəssisələrdə narazılıq doğuran digər məsələ isə müəllim və ustalar arasında ayrı-seçkiliyin olması iddialardır.
Müraciət edənlər bildirirlər ki, ali təhsilli, magistr diplomlu müəllimlər belə konfrans və tədbirlərdən kənarda saxlanılır, xarici ölkələrə ezamiyyətlərə isə dəfələrlə eyni şəxslər göndərilir. Əsasən ali təhsilli, magistr diplomlu müəllimlərə qarşı olduqca fərqli münasibət bəslənir. Onları mümkün tədbirlərdən kənarda saxlayırlar.
Müəllim və ustalar bu seçimlərin hansı meyarlarla aparıldığının araşdırılmasını tələb edirlər. Onların iddialarına görə, xarici ölkələrə ezam edilən şəxslər əsasən direktorların yaxın adamları və ya daha çox dərs saatı verilən müəllimlərdir. Həmçinin bölgələrdə yerləşən peşə məktəbi müəllimləri də belə səfərlərdən kənardadır və ümumiyyətlə nəzərə alınmırlar.
Müraciət edənlərin sözlərinə görə, məktəb rəhbərləri iştirakçı siyahılarının Agentlikdən göndərildiyini bildirsələr də, Agentlikdən bunun əksinin deyildiyi, seçimlərin müəssisə rəhbərləri tərəfindən aparıldığı qeyd olunur. Qeyd edək ki, redaksiyanın araşdırlmalarında belə bir mövzuya müraciət olunub və Agentlikdən bildirilib ki, bu seçimi məktəb rəhbərliyi edir.
"Bizimesr"in araşdırmalarına görə, bu prosesdə Agentliyin bəzi əməkdaşlarının təsiri bəllidir. Bu faktların ortaya çıxarılması isə kompleks şəklində və ciddi maliyyə araşdırmaları zamanı mümkün ola bilər. Hələlik isə bu araşdırmalar və yoxlamalar aparılmır. Əgər aparılarsa ciddi pozuntuların ortaya çıxacağı şübhəsizdir.
Narazılıqların daha çox müşahidə olunduğu bildirilən müəssisələr sırasında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, eləcə də Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi qeyd olunur.
Əməkhaqlarının gecikməsi ilə bağlı iddiaların, eləcə də ezamiyyət və tədbirlərdə iştirak üçün seçim meyarlarının araşdırılması zəruridir. Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin və adı çəkilən təhsil müəssisələrinin mövqeyini dərc etməyə hazırıq.























