
Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, eləcə də anklav və eksklav ərazilərin gələcək statusu ilə bağlı məsələlər yenidən diqqət mərkəzinə gəlib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Kərki kəndi ilə bağlı açıqlaması bu istiqamətdə Bakı ilə İrəvan arasında müzakirələrin davam etdiyini göstərir. Söhbət yalnız yaşayış məntəqələrinin adlarından deyil, həm də onların hüquqi statusundan, ərazi mənsubiyyətindən və strateji əhəmiyyətindən gedir. Alen Simonyan COP-17 çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanın Başkənd, Ermənistanın isə Kərki kəndi ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, tərəflər Kərkinin Ermənistan ərazisində Tiqrenaşen, Azərbaycanın ərazisində yerləşən Artsvaşenin isə Başkənd adlandırılması ilə bağlı danışıqlar aparırlar. Kərki Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən, Ermənistan ərazisi ilə əhatə olunmuş anklav kəndidir. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və Ermənistan arasında yaranan münaqişə nəticəsində kənd Azərbaycanın nəzarətindən çıxıb. Ermənistan tərəfi yaşayış məntəqəsini Tiqrenaşen adlandırır. Digər tərəfdən, Azərbaycanın Qazax rayonu ilə bağlı Başkənd məsələsi də iki ölkə arasındakı ərazi mübahisələrinin tərkib hissəsi kimi müzakirə olunur. Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl Tiqrenaşenin Ermənistanın suveren ərazisi olmadığını dəfələrlə bəyan edib və kəndin Azərbaycan dilindəki Kərki adından istifadə edib. Bu mövqe anklavların statusu məsələsinin iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi ilə sıx bağlı olduğunu göstərir. Kərkinin əhəmiyyəti yalnız ərazi mənsubiyyəti ilə məhdudlaşmır. Kənd Ermənistanın şimalını İrəvanla, eləcə də Sünik və Vayots Dzor vilayətləri ilə birləşdirən avtomobil yolunun yaxınlığında yerləşir. Həmin marşrut Ermənistanın daxili nəqliyyat əlaqələri, həmçinin İranla yükdaşımalar baxımından mühüm əhəmiyyət daşıyır. Buna görə də Kərkinin hüquqi statusu və əraziyə nəzarət məsələsi sərhəd danışıqları ilə yanaşı, regional nəqliyyat və kommunikasiya məsələləri baxımından da diqqət çəkir.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, Yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan brifinqlərinin birində belə bir cümlə işlətmişdi ki, çalışacağı variantlardan biri Ermənistandakı anklavlarla Azərbaycanda olan erməni anklavı Başkəndin dəyişdirilməsi məsələsini önə sürməkdir:
“Amma bu, demək deyil ki, Azərbaycan buna razılaşacaq. Çünki Başkəndlə Kərkinin strateji önəmi eyni deyil. Məlumdur ki, Kərki Ermənistanı cənub hissəsinə, yəni Zəngəzura bağlayan yolun üstündə yerləşir və həmin magistral yol həm də Ermənistanın İrəvanını və başqa yerlərini cənubla birləşdirən xətdir. Əgər bu ərazi Azərbaycana verilərsə, Ermənistan Zəngəzura yeni bir yol çəkməli olacaq və bu yol da çox böyük məsrəf tələb edir. Çünki oradakı relyef elədir ki, tunellər qazılmalıdır, yol çəkilişi çox çətindir, milyardlarla dollar pul lazımdır. Ermənistan buna görə Alen Simonyanın dilindən də bu kəndin adının Tiqrenaşen olaraq qalmasını deməklə onu demək istəyir ki, bu ərazi Ermənistanda qalsın. Ermənistan və Azərbaycan arasında Delimitasiya və Demarkasiya Komissiyası bu məsələyə baxarkən, şübhəsiz ki, həmin variantı, yəni ərazi dəyişdirmə variantını ortaya atacaqlar. Bu variantın ortaya atılması Azərbaycan üçün qəbuledilməzdir. Çünki Azərbaycan həmin ərazinin strateji önəmini bilir və şübhəsiz ki, bu ərazini Ermənistana verməyəcək. Digər ərazilərdə də anklavlar var. Azərbaycanın Qazax rayonunun ərazisində kəndlərimizin məsələsi də həll olunacaq. Paşinyan deyir ki, biz elə etməliyik ki, bu ərazilərin sərhədləri iç-içə olmasın. Yəni, bu kəndlər Azərbaycana aiddirsə, Azərbaycanın içərisində qalsın, anklav statusu dəyişdirilsin. Amma o kənddə anklav statusunu dəyişdirmək mümkün deyil”.
Professorun sözlərinə görə Ermənistan çalışacaq ki, bu anklavlar özündə qalsın və digər bir ərazidən Azərbaycana torpaq versin:
“Bu, qəbuledilməz bir variantdır. “Bakı ilə Tiqrenaşenin Başkəndə çevrilməsi üçün danışıqlar aparırıq” ifadəsi də qəbuledilməzdir. Hansı danışıqlardan söhbət gedir ki? Bu ərazilər Azərbaycan əraziləridir və Ermənistan tərəfindən 1990-cı illərdə işğal edilib. Azərbaycan digər ərazilərində işğala son qoyub və bu ərazilərin də işğaldan azad edilməsi üçün tədbirlər görüləcək. Mən istisna etmirəm ki, əgər Ermənistan bu variantlara razılaşmasa, Azərbaycan antiterror əməliyyatı keçirərək bu torpaqları geri götürməli olsun. Ad dəyişmə məsələsinə gəlincə, Ermənistan işğal edəndən sonra oraya Tiqrenaşen adı verib və o ad Böyük Tiqranla bağlı deyil. O zaman Kərkinin boşaldılmasına, Azərbaycanın əlindən alınmasına başçılıq edən qrupun rəhbəri olub və onun adını əbədiləşdirmək üçün bu adı seçiblər. Bu da qəbuledilməzdir. Azərbaycan ərazisində olsa da, bu adın tarixi var, bu kənd Kərki adlanır. Kərkinin də təmiz türk adı olduğundan heç bir şübhə yoxdur”.
Q.Çaxmaxlı qeyd edib ki, delimitasiya və demarkasiya məsələsi Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial bir hala gəlib çıxa bilər:
“Kərki Azərbaycana verilməlidir. Bizim Ermənistana şərtlərimizdən biri budur. Digər bir şərtimiz də Konstitusiyada Azərbaycan ərazilərinə iddiaların ortadan qaldırılmasıdır. Konstitusiyanın preambula hissəsində 1991-ci ildə Ermənistanın müstəqilliyinin elan edilməsi haqqında Bəyannamədə yer alan fikirlər səsləndirilir. Mən son zamanlar Ermənistan mətbuatına, Ermənistan televiziyalarının video görüntülərinə də baxmışam. Burada Paşinyan hökumətinin son iclaslarının birində Konstitusiya layihəsi hökumətə təqdim edildi və burada qısa bir müzakirə oldu. Həmin qısa müzakirədə preambula hissəsi yoxdur. Əgər sabah Konstitusiya dəyişikliyi məsələsi ortaya çıxarsa, şübhəsiz ki, həmin hissə olmayacaq. Amma o da bəllidir ki, Ermənistanda Konstitusiya dəyişikliyinin edilməsi üçün əngəllər var. Parlamentdə iqtidar partiyası olan Vətəndaş Müqaviləsi Partiyası çoxluq alsa da, bu, Konstitusiya çoxluğu deyil. Konstitusiya dəyişiklikləri haqqında qərar qəbul edilməsi məsələsi bir az problemli məsələdir. Çünki Konstitusiya çoxluğu əldə edilməyib. Bu mənada Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini uzadır. Bu uzaqlaşma da bəzən qəsdən edilir. Gələcəkdə hansı planları var, hansı məsələləri həyata keçirəcək, bunlar bir az müəmmalı məsələlərdir. Biz Ermənistanın bu məğlubiyyətindən sonra qəbul edəcəyi qərarlarla bağlı diqqətli olmalıyıq”.























