
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Lifttəmir” İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment öhdəliklərini yerinə yetirmədiyinə görə həbs olunub. Bu barədə A.Şükürova özü məlumat paylaşıb. Aliment borcunun ödənilməməsi ilə bağlı məhkəmə icraatı aparılıb və nəticədə Oqtay Əhmədov barəsində 10 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Lakin bu qərardan sonra məsələ ilə bağlı başqa suallar da yaranıb.
Həbs müddəti başa çatdıqdan sonra aliment borcu ödənilməsə, nə baş verəcək? Aliment ödəməkdən yayınan şəxslərdən borc başqa hansı yollarla tutula bilər?
Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, aliment öhdəliklərini yerinə yetirməyən və ya ödənişdən yayınan şəxsi icra məmuru icra şöbəsinə dəvət edir:
“Həmin şəxsə xəbərdarlıq edilir. Borcun məbləği yüksək olduqda, bununla bağlı məhkəməyə təqdimat verilir və borcludan ödəniş tələb olunur. Şəxs ödənişdən yayınmağa davam edərsə, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, 500 manat məbləğində cərimə oluna yaxud bir ayadək müddətə inzibati qaydada həbs edilə bilər. Ödənişdən yayınma halı davam edərsə, Məcəllənin 528.2-ci maddəsinə əsasən, inzibati cərimə tətbiq oluna və ya iki ayadək müddətə inzibati həbs cəzası verilə bilər”.
Hüquqşünas bildirib ki, şəxs bundan sonra da aliment ödəməkdən yayınarsa, icra məmuru müvafiq materialları toplayaraq istintaqa təqdim edir:
“Bu halda Ədliyyə Nazirliyinin İstintaq İdarəsi Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başladır. Həmin maddənin sanksiyasına əsasən, şəxs 2 000 manatdan 4 000 manatadək cərimə oluna, üç ilədək müddətə azadlığı məhdudlaşdırıla və ya üç ilədək müddətə azadlıqdan məhrum edilə bilər”.
























