
Ölkədə rəsmi lisenziya ilə fəaliyyət göstərən 51 bank olmayan kredit təşkilatı (BOKT) mövcuddur.
Mərkəzi Bankın (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.
Onun sözlərinə görə, AMB xaricdən borclanan BOKT-ların valyuta risklərini hedcinq yolu ilə sığortalayır, bununla da onların maliyyələşmə xərclərini dolayısı ilə aşağı salır, eyni zamanda bankların rəqabət qabiliyyətini qoruyur:
“Bu nə deməkdir? Əgər xarici maliyyələşmə zəif olsaydı və xaricdən vəsait cəlb etmək mümkün olmasaydı, banklar deyə bilərdilər ki, BOKT-ların başqa maliyyələşmə mənbəyi yoxdur və buna görə də daha yüksək faiz tətbiq edə bilərlər.
Lakin xarici maliyyələşməni dəstəkləyən tədbirləri, o cümlədən hedcinq imkanlarını yaratmaqla bazarda alternativ maliyyələşmə imkanlarını qoruyuruq. Nəticədə BOKT-lar maliyyələşmə üçün alternativ mənbələrdən istifadə edə bilir və bankların daha yüksək faiz tətbiq etmək imkanları məhdudlaşır. Bu da kredit faizlərinə və təklif olunan kreditlərin məbləğinə təsir göstərə bilər".
BOKT-un maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər bu təşkilatların fəaliyyətində hansı dəyişikliklərə yol aça bilər?
Məsələ ilə bağlı sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Mərkəzi Bankının bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlaması müsbət addımdır:
“Xüsusilə, bu təşkilatların xarici maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və xaricdən cəlb etdikləri vəsaitlər üzrə valyuta risklərinin hedcinq mexanizmləri (maliyyə əməliyyatları zamanı yarana biləcək risklərdən, xüsusilə valyuta məzənnəsinin dəyişməsindən qorunmaq üçün istifadə edilən mexanizmdir – bir sözlə, BOKT əvvəlcədən bankla və ya digər maliyyə qurumu ilə müqavilə bağlayır ki, bir ildən sonra borcunu qaytarmaq üçün lazım olan dolları əvvəlcədən razılaşdırılmış məzənnə ilə ala bilsin) vasitəsilə azaldılması ölkənin kredit bazarında rəqabətin gücləndirilməsi baxımından əhəmiyyətli təşəbbüsdür.
Məsələ ondadır ki, Azərbaycanda kredit resurslarının baha olması uzun illərdir həm sahibkarlığın inkişafını, həm də əhalinin maliyyə imkanlarını məhdudlaşdıran əsas problemlərdən biridir. Bank olmayan kredit təşkilatlarının maliyyələşmə imkanlarının məhdudluğu isə onların kommersiya banklarından asılılığını artırır.
Belə şəraitdə banklar BOKT-lara təqdim etdikləri vəsaitlər üzrə daha yüksək faiz müəyyənləşdirirlər. Təbii ki, bu da onların vətəndaşlara verdikləri kreditlərin daha baha olmasına gətirib çıxarır”.
Onun sözlərinə görə, Mərkəzi Bankın təklif etdiyi yanaşma məhz bu asılılığın azaldılmasına xidmət edə bilər:
“Xarici maliyyələşmə imkanlarının genişləndirilməsi BOKT-lara alternativ resurs mənbələri qazandırmaqla yanaşı, daxili kredit bazarında banklar arasında da rəqabəti stimullaşdıra bilər. Lakin BOKT-ların daha ucuz maliyyə resursları əldə etməsi hələ avtomatik olaraq əhaliyə və sahibkarlara daha aşağı faizlə kredit verilməsi demək deyil.
Bunun üçün Mərkəzi Bank müvafiq nəzarət və şəffaflıq mexanizmlərini də gücləndirməlidir. Əks halda, maliyyələşmə xərclərinin azalmasından əldə edilən əlavə gəlir yalnız kredit təşkilatlarının mənfəətinin artmasına xidmət edə bilər. Digər tərəfdən, xarici valyutada borclanmanın risklərini azaltmaq məqsədilə tətbiq edilən hedcinq mexanizmlərinin iqtisadi səmərəliliyi və bu prosesdə risklərin hansı tərəfin üzərində qalacağı da aydın müəyyən edilməlidir.
Çünki valyuta risklərinin azaldılması həmin risklərin bütövlükdə yox olması demək deyil. Bu mexanizmlər elə qurulmalıdır ki, maliyyə bazarının inkişafına xidmət etməklə yanaşı, Mərkəzi Bank üçün əlavə və əsassız maliyyə öhdəlikləri yaratmasın.
Hesab edirəm ki, BOKT-ların fəaliyyətinin genişləndirilməsində əsas hədəflərdən biri kiçik və orta sahibkarlığın, xüsusilə regionlarda fəaliyyət göstərən biznes subyektlərinin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması olmalıdır. Bu təşkilatların real sektorun kreditləşdirilməsində rolu artırılmadan yalnız istehlak kreditləri hesabına böyüməsi iqtisadiyyat üçün arzuolunan nəticə sayıla bilməz”.
O bildirib ki, nəticə etibarilə, Mərkəzi Bankın bu təşəbbüsünün uğuru BOKT-ların xaricdən nə qədər vəsait cəlb etməsi ilə deyil, həmin vəsaitlərin ölkə iqtisadiyyatına hansı şərtlərlə və nə dərəcədə səmərəli yönəldilməsi ilə ölçülməlidir:
“Çünki bu addımın atılmasında əsas məqsəd maliyyə təşkilatlarının sayını və ya onların mənfəətini artırmaq deyil, kredit resurslarını ucuzlaşdırmaq, sağlam rəqabət mühiti yaratmaq və real sektorun maliyyələşdirilməsini genişləndirmək olmalıdır. Yalnız bu halda nəzərdə tutulan dəyişiklikləri ölkənin maliyyə bazarında keyfiyyətcə yeni mərhələyə keçid kimi qiymətləndirmək mümkün olacaq.
Unutmayaq ki, burada əsas məsələ BOKT-ların verdikləri kreditlər üçün xüsusi faiz dəhlizi müəyyən edilməsi olmalıdır. 2024/2025-ci illər ərzində BOKT-ların verdikləri kreditlərin orta faiz dərəcəsi 35 % və bundan daha yüksək olub. Bu tam sələmçilikdir. Əgər nəzərə alsaq ki, BOKT-lar bəzən vətəndaşlara kreditləri hətta 50 % səviyyəsində belə təklif edirlər və bu zaman tələb olunan girovun dəyəri verilən kreditin ən azı 2-3 mislinə bərabər olur, o halda, bunun adı sələmçilikdir!
Hesab edirəm ki, Mərkəzi Bank BOKT-ların verdikləri kreditlərin faiz dəhlizini xüsusi olaraq müəyyən etməli, əgər bu mümkün deyilsə, sələmçi kimi fəaliyyət göstərən bu BOKT-ların kredit təşkilatı kimi fəaliyyətlərinə xitam verməlidir”.
























