
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Moskva arasındakı münasibətlər heç vaxt sərin olmayıb və müəyyən fikir ayrılıqlarına baxmayaraq dəyişməyib. Onun sözlərinə görə, Ermənistan tərəfinin dəmir yollarının idarə olunması üçün Rusiyanın güzəştinə qarşı heç bir problemi yoxdur. Lakin İrəvan dəmir yolu şəbəkəsinin rəqabət qabiliyyətini artırmağın zəruri olduğunu və idarəetməni üçüncü tərəfə ötürməyi düşünür.
“Mən artıq demişəm ki, Ermənistan dəmir yolları üçün Rusiya konsessiyası ilə bağlı problemimiz yoxdur. Məqsədimiz dəmir yolumuzu rəqabətədavamlı etməkdir. Dünənki (srağagünkü - red.) söhbətdə qeyd etdim ki, bu məqsədə necə nail olmaq barədə təhlillərimiz göstərir ki, bunun üçün rasional format konsessiya idarəetmə formatını dəyişdirmək, yəni onu üçüncü tərəfə ötürməkdir. Lakin rusiyalı tərəfdaşlar bu məsələni necə həll edəcəyini bildiklərini deyirlərsə, təkliflərini təqdim edə bilərlər. Müzakirələrdən sonra dedim ki, yaxşı, gəlin Ermənistan dəmir yolunun üç ay ərzində necə rəqabətədavamlı olacağı sualına cavab verəcək bir qrup yaradaq”, - Paşinyan vurğulayıb.
Bəs bu 3 aya nə dəyişəcək? Problem çözüləcək, İrəvan məqsədinə çatacaqmı?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Rusiya ilə Ermənistan arasında münasibətlərdə problemlərin olmadığı iddiası mövcud faktlarla ziddiyyət təşkil edir:
“Paşinyanın Rusiya ilə Ermənistan arasında gərginlik olmadığına dair açıqlamaları reallığı əks etdirmir. Heç bir problem yoxdursa, Rusiya Ermənistana nəql etdiyi qazı təmir adı ilə niyə kəsir, kənd təsərrüfatı məhsullarını niyə öz bazarına buraxmır? Putin niyə Ermənistanın daxili işlərinə qarışaraq Paşinyana deyir ki, “Ruspərəst qüvvələrinə şərait yarat”? Bütün bunlar niyə baş verir? Rusiya rəsmiləri Paşinyanı hər zaman aşağılamağa çalışırlar. Bütün bunlar ortada olan faktlardır. Sadəcə, Paşinyan münasibətləri tamamilə gərginləşdirməmək üçün kəskin açıqlamalar vermək əvəzinə yumşaq danışır”.
Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında dəmir yolu əlaqələrinin bərpası məsələsində də irəliləyiş yoxdur: "Rusiya Dəmir Yolları rəhbərinin İrəvanda apardığı danışıqlar faktiki olaraq nəticə verməyib. Əgər nəticə versəydi, Paşinyan “Rusiya Dəmir Yolları bərpa işlərini həyata keçirməsə, biz başqa alternativlər axtaracağıq” deməzdi və üç aylıq müddət müəyyənləşdirməzdi. Yəni münasibətlər, əlbəttə ki, gərgindir və sualların sayı azalmır. Paşinyan bu vəziyyətdən çıxış yolları axtarır, amma hələ ki, buna nail ola bilmir".
Elxan Şahinoğlu qeyd edib ki, Rusiyanın bu yolları bərpa etməkdə marağı yoxdur: “Rusiya rəsmiləri düşünürlər ki, Ermənistanın qonşu dövlətlərlə dəmir yolu əlaqələrinin bərpasına niyə kömək etməlidirlər? Moskva bunu özü üçün rəqabət müstəvisi kimi görür. Buna görə də Rusiyanın yaxın aylarda bu istiqamətdə hər hansı addım atacağı hələlik gözlənilmir.
Paşinyanın hədəfi isə belədir: Kreml lazımi tədbirləri görməsə, Ermənistan özü tərəfdaşlar axtarmalı və bu yolları bərpa etməlidir. Amma bu da asan məsələ deyil. Çünki Paşinyandan əvvəlki Ermənistan rəhbərləri ölkənin dəmir yollarını faktiki olaraq Rusiya Dəmir Yollarının ixtiyarına veriblər”.
Musavat.com
























