Cəlilabad rayon sakini Fizuli Dövlətov işdən azad olunması ilə bağlı şikayətini dilə gətirib. "DİA-AZ" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinə və ölkə rəhbərliyinə müraciət edən narazı vətəndaş hüquqlarının bərpasını tələb edir.
Onun sözlərinə görə, 2001-ci ildən Cəlilabad rayon Mədəniyyət Evində çalışan Dövlətov 2025-ci ildə heç bir əsaslı səbəb göstərilmədən vəzifəsindən azad edilib. Şikayətçi bu qərarın Mədəniyyət Evinin rəhbəri Fuad Əzizov və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbəri Dadaş Muxtarlının iştirakı ilə verildiyini iddia edir. Fizuli Dövlətov bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı dövlət qurumlarına müraciət etsə də, indiyədək şikayətinin lazımi qaydada araşdırılmadığını düşünür.
O, işdən çıxarılma qərarını qərəzli və ədalətsiz hesab etdiyini vurğulayaraq aidiyyəti qurumlara yenidən müraciət edib. Şikayətçi baş verənlərin araşdırılmasını, hüquqlarının bərpa olunmasını və əvvəlki işinə qaytarılmasını xahiş edir.
























