
ABŞ prezidenti Donald Tramp Ukraynanın rus neft emalı zavodlarına hücumların dayandırılması tələbinə Zelenskinin rədd cavabı verməsindən sonra “Starlink” şirkətinin bu ölkəyə verdiyi internet tamamilə dayandırılmışdı. Nəticədə Ukrayna HHM sistemlərinin də “gözləri kor olmuş”, Rusiyadan bu ölkəyə atılan raket və dronları təsbit edib qarşısını almaq imkanları da məhdudlaşmışdı.
“The Wall Street Journal”ın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenskinin “Starlink”in sahibi Elon Mask, ABŞ senatorları Rocer Viker və Kevin Kramer, həmçinin Nümayəndələr Palatasının iki üzvü ilə danışıqları nəticəsində problem qismən öz həllini tapıb.
Bildirilir ki, ilk əvvəl Elon Maska müraciət edən Zelenski “Starlink”in bu addımını böyük səhv olduğunu izah edib. Elon Mask isə ona cavab verərək bildirib ki, internet axışını dayandıran o yox, ABŞ dövlətidir. Konkret olaraq Ukrayna ordusuna internet verilməsi Ağ evin əmri ilə dayandırılıb.
ABŞ-ın adı çəkilən senatorları və konqresmenləri ilə görüşən Zelenski onların bu məhdudiyyətləri ortadan qaldırmasına nail ola bilib. Amma yeni şərtlərlə. Ən önəmli şərt isə bu olub ki, Ukrayna 100 gün ərzində rus enerji obyektlərini vurmayacaq. Bunun əvəzində isə “Starlink”in əhatə dairəsi Rusiya ərazilərinin təxminən 300 kilometrliyinə (186 mil) qədər genişləndirəcək. Bu məsafə Ukrayna qüvvələrinə Rusiya ordusunun atdığı raket buraxıcılarını vurmağa imkan verəcək.
Yadınızdadırsa, Bayden hakimiyyəti zamanı da Ukraynaya verilən uzaq mənzilli artilleriya silahlarını 300 km-ə qədər atılmasına izn verilmişdi. Sonradan Ukrayna öz yerli raketlərini və dronlarını istehsal etdi və istədiyi mənzilə qədər hədəfləri vurmaq imkanı qazandı. Görünən budur ki, ABŞ Ukraynanı 300 km-lik mənzil limitinə qaytarmaqla yenidən döyüş arealına nəzarəti öz əlinə alıb. “The Wall Street Journal”ın iddiasına inansaq, Zelenski də bu təkliflə razılaşmaq məcburiyyətində qalıb.
Uzun sözün kəsəsi, ABŞ Ukraynaya vuruş limiti tətbiq etməklə Rusiyanı da özündən asılı, başıqapazlı etməyi bacarıb. Ukrayna istəsə belə, Rusiyanın başına bomba yağdıraraq onu tez bir zamanda ram etmək imkanında olmayacaq.
Eyni zamanda Rusiyanın taleyi də bundan sonra Elon Maskın ovcunda olacaq. Mask Rusiyanın əndazəni aşdığını hiss edən kimi, “Starlink” dalğalarının əhatə dairəsini genişləndirəcək, Moskva ağıllanandan sonra yenidən onu 300 km-ə qədər daraldacaq. Və bu səbəbdən də müharibə ABŞ-ın istəyinə uyğun olaraq “qiyamətə” qədər davam edəcək.
Heydər Oğuz - "DİA-AZ"
























