
Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Şəadət Teymurovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayәti tәmin edilib, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin hökmü dәyişdirilib. Tәqsirlәndirilәn şәxsin әmәli Cinayәt Mәcәllәsinin 177.3.2-ci maddәsindәn hәmin Mәcәllәnin 177.2.3 vә 177.2.4-cü maddәsinә tövsif olunub. Şəadət Teymurova 4 il müddәtinә azadlıqdan mәhrumetmә cәzası tәyin olunub.
İttihama görə, hadisə 2025-ci il saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 9 mərtəbəli binanın zirzəmisində qeydə alınıb.
Belə ki, Şəadət Teymurov tamah məqsədilə özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib və binanın zirzəmisində yerləşən, saxlanc yeri kimi istifadə olunan sahəyə qanunsuz daxil olub. O, zirzəmidə tapdığı dəmir parçasından istifadə edərək saxlanc yerinin divarını dağıdıb. Daha sonra içəri daxil olaraq rəfin üzərindəki çantanın içərisində saxlanılan zərərçəkmiş Səbinə Ələkbərzadəyə (adı, soyadı şərtidir) məxsus qızıl-zinət əşyalarını götürüb.
Oğurlanan əşyalar arasında müxtəlif əyyarlı qızıldan hazırlanmış üzük, sırğa, boyunbağı, qolbaq və kulonlar olub. Əşyaların bir qismi brilliant və digər rəngli qaşlarla bəzədilib, onların arasında Türkiyə, İran və sovet istehsalı zinət əşyaları da yer alıb.
İş üzrə ittihamda qeyd olunub ki, oğurlanan əşyaların ümumi dəyəri 54 120 manat təşkil edib.
Beləliklə, Şəadət Teymurov zərərçəkmiş Səbinə Ələkbərzadəyə külli miqdarda maddi ziyan vurub.
Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəadət Teymurova 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.
























