
“İran Rusiya ilə Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaqların satın alındığını təsdiqləyib, Moskva isə Tehrandan bununla bağlı təsdiq sənədini gözləyir".
Bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Tacikistanda Rusiya-İran danışıqlarının yekunlarına dair açıqlamasında bildirib.
“Danışıqlar zamanı fikir mübadiləsi aparıldı. İlk növbədə, bizim "Şimal-Cənub" layihəsinin həyata keçirilmə vəziyyəti, gələcək Rəşt-Astara dəmiryolu xəttinin tikintisi müzakirə olundu. İran tərəfi torpaq sahələrinin satın alındığını təsdiqlədi. Torpaqların satın alınmasının baş tutduğuna dair təsdiq gözləyirik", - deyə Overçuk qeyd edib.
Artıq neçənci dəfədir ki, bu məsələ gündəmə gəlir. Lakin Tehran sənədi təsdiqləmir. Halbuki Rəşt-Astara dəmiryolunun işə düşməsi hər iki qonşumuz üçün faydalıdır. Təbii ki, Azərbaycanın da marağında olan layihədir. Söhbət layihədən imtina edilməsindən yox, onun icrasına başlamaq üçün tələb olunan təsdiq prosesindən gedir.
İranın yollar və şəhərsalma nazirinin müavini Hoşəng Bazvand bildirib ki, sazişin təsdiqi İranın Ali Milli Təhlükəsizlik Şurasında nəzərdən keçirilir. Hazırkı plan tikintiyə 2027-ci ildə başlamaqdır. Bununla belə, bu tarix hələ yekun tikinti başlanğıcı kimi qəbul edilməməlidir.
Xatırladaq ki, Rəşt-Astara dəmir yolu layihəsi üzrə razılaşma 17 may 2023-cü ildə İran və Rusiya arasında imzalanıb. Sənəd İranın mərhum prezidenti İbrahim Rəisi və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə rəsmiləşdirilib. 2018-ci ildə isə Azərbaycan İranın Rəşt–Astara hissəsinin tikintisi üçün 500 milyon dollarlıq güzəştli kredit ayırmağı nəzərdə tutub, lakin vəsait sanksiyalar səbəbindən istifadə edilməyib. Dəmir yolu layihəsinin ümumi dəyəri 1,6 milyard avro təşkil edir.
Bəs bu təsdiq nə üçün yubanır? İran Rusiyanı və Azərbaycanı niyə gözlədir?
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, İranda Rəşt-Astara dəmir yolu layihəsinin həyata keçirilməsini dəstəkləyən və buna qarşı çıxan müxtəlif maraq qrupları var.
Onun sözlərinə görə, ölkədə idarəetmə sisteminin getdikcə parçalanması fonunda iqtisadi və təhlükəsizlik blokları arasında bu layihəyə münasibətdə fikir ayrılıqları yaranıb: “İranda həmin layihənin lehinə və əleyhinə olan qruplar mövcuddur. Ölkədə idarəetmə sistemi sanki parçalanma mərhələsinə qədəm qoyub. Müxtəlif maraq qrupları var.
Onların bəziləri, xüsusilə iqtisadi blokda təmsil olunanlar, bu yolun tezliklə istifadəyə verilməsi üçün lobbiçilik edirlər. Lakin təhlükəsizlik blokuna rəhbərlik edənlər dəmir yolunun gələcəkdə təhlükəsizlik baxımından problemlər yarada biləcəyini düşünürlər. Onların iddiasına görə, mümkün münaqişələr zamanı bu dəmir yolundan başqa məqsədlər üçün də istifadə oluna bilər. Məncə, bu, irəli sürülən əsassız arqumentlərdən biridir”.
İqtisadçıya görə, ikinci səbəb maliyyə məsələləri ilə bağlıdır: “Düzdür, layihənin maliyyələşdirilməsini Rusiya öz üzərinə götürüb. Ancaq İran tərəfi digər infrastruktur layihələrinə də Azərbaycanın və Rusiyanın investisiyalarını cəlb etmək istəyir. Çünki infrastruktur yalnız Rəşt-Astara dəmir yolunun tikintisi ilə məhdudlaşmamalıdır.
İran, Azərbaycan və Rusiyanın dəmir yollarında relslərin eni fərqlidir. Buna görə də yük vaqonlarının dəyişdirilməsi və ya təkər cütlərinin uyğunlaşdırılması üçün xüsusi stansiyalar tikilməli, elektrik təchizatı və təhlükəsizliklə bağlı əlavə infrastruktur yaradılmalıdır. Bütün bunlar ciddi maliyyə vəsaiti tələb edir. İran isə həmin xərcləri öz üzərinə götürmək istəmir.
Məncə, prosesin uzadılmasının əsas səbəblərindən biri də budur ki, İran çalışır əlavə maliyyə yükünün müəyyən hissəsi Rusiyanın və ya Azərbaycanın üzərinə düşsün, yaxud Azərbaycan layihədə hansısa formada iştirak etsin. Yəni təsdiq prosesinin ləngiməsi əsasən bu iki amillə — İrandakı maraq qrupları arasındakı fikir ayrılığı və əlavə maliyyə yükünün bölüşdürülməsi məsələsi ilə bağlıdır”.
























