
Bakı Apellyasiya Məhkəməsində qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən Novruz Tağızadənin (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Novruz Tağızadə bu il saat 18:00 radələrində tanışlarını yaşadığı, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən mənzilinə dəvət edib. O, kart dəsti gətirib, iştirakçılara qida və içki məhsulları təqdim edib və pul vəsaiti, maddi nemətlər uğrunda oynanılan, uduşu təsadüfdən asılı olan qumar oyununun keçirilməsi üçün şərait yaradıb.
Qeyd edilib ki, təqsirləndirilən şəxs tamah məqsədilə mənzildə qumar oyunu təşkil edib və keçirib, həmçinin bu məqsədlə yeri təşkil edərək saxlayıb. Həmin ünvanda dəvət olunmuş beş nəfər kart vasitəsilə “poker” oynamağa başlayıb.
Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Həmin gün saat 20:30 radələrində mənzildə baxış və götürmə aparılarkən beş nəfərin qumar oyunu oynadığı müəyyən edilib. Əməliyyat zamanı qumar oyunlarının keçirilməsində istifadə olunduğu bildirilən 2 866 manat, həmin dövrün məzənnəsi ilə 510 manat dəyərində olan 300 ABŞ dolları və 24 dəst oyun kartı aşkar edilərək götürülüb.
Toplanmış materiallar əsasında Novruz Tağızadəyə Cinayət Məcəlləsinin 244-1.1-ci (Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama) maddəsi ilə ittiham elan olunub.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirli bilinib. Novruz Tağızadəyə 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, təyin edilmiş cəzanın azaldılmasını və ya cərimə cəzası ilə əvəz olunmasını xahiş edib.
























