
Naxçıvanda sakinlər sürü halında gəzən sahibsiz itlərə görə yollarını dəyişməyə məcbur olduqlarını deyirlər. ‘Gündəlik Naxçıvan’a danışan şəhər sakinlərinin sözlərinə görə, xüsusilə səhər və gecə saatlarında küçələrdə hərəkət etməkdən, uşaqları məktəbə tək göndərməkdən çəkinirlər.
Onlar müraciət etdikləri qurumların məsuliyyəti bir-birinin üzərinə atdığını bildirirlər
Şəhər sakini Ruslan Məmmədov deyir ki, işə gedərkən sahibsiz itlərlə qarşılaşdığı üçün tez-tez yolunu dəyişir:
“İtlər həddindən artıq çoxalıb, demək olar ki, hər yerdə rast gəlirik. Hər gün işə gedəndə qarşıma çıxırlar. Sürü halında olanda aqressiv davranırlar, yaxınlaşmağa qorxuram. Məcbur qalıb başqa yolla gedirəm”.
Digər şəhər sakini Gülsüm Əliyeva isə uşaqlarının təhlükəsizliyindən narahat olduğu üçün onları məktəbə özü aparır:
“Məktəb o qədər də uzaq deyil. Amma üçüncü və beşinci siniflərdə oxuyan iki övladımı hər səhər özüm aparıram. Küçələrdə, xüsusilə zibilliklərin yanında itlər sürü halında gəzirlər. Yaxınlaşanda hürür, bəzən bir-biri ilə boğuşurlar. Uşaqlar qorxur, mən də narahat oluram. Ən böyük qorxum övladlarımın hücuma məruz qalmasıdır. Məktəbə gedən uşaqlar hər gün bu qorxunu yaşamamalıdırlar”.
Sakinlər bildirirlər ki, şəhər İcra Hakimiyyətinə və baytarlıq xidmətinə müraciət etsələr də, hər iki qurum problemin həllinin onların səlahiyyətində olmadığını deyib. Şikayətçilərin sözlərinə görə, müraciətlərinə baxmayaraq, vəziyyət dəyişməyib.
Onlar sahibsiz itlərlə bağlı vəziyyətin araşdırılmasını və insanların təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülməsini istəyirlər.
























