
“Paşinyan vətəndaşlarının təhlükəsizliyini təmin etmək əvəzinə, Azərbaycan əsgərini müdafiə etməklə məşğuldur”. Bu bəyanatı “Güclü Ermənistan” Partiyası yayıb. Partiya iddia edib ki, Ermənistanda saxlanılan Azərbaycan hərbçisini baş nazir Nikol Paşinyan himayəsinə götürüb.
Söhbət Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" Partiyasından gedir ki, Rusiyaya yaxınlığı barədə ciddi göstəricilər var. Kremlin himayəsində olan müxalif partiyanın apardığı təbliğat ona hesablanıb ki, cəmiyyət hakimiyyətə təzyiq göstərsin və hərbçimizi təhvil verə bilməsinlər. Azərbaycan Ordusunun hərbi qulluqçusu 1 oktyabr 2026-cı ildə Ermənistan ərazisində saxlanılıb, 2 oktyabrda isə məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Paşinyan onun Ermənistanda uzun müddət qalmayacağını bildirib.
Rusiyaya bağlı müxalifətin təzyiqləri Nəsiminin təhvil verilməsini əngəlləyə bilərmi?
Siyasi şərhçi Xəyal Bəşirovun Musavat.com-a bildirdiyinə görə, məsələ artıq yalnız sərhədi keçmiş hərbçinin qaytarılması deyil, həm də Ermənistan daxilində hüquqi məsuliyyət və siyasi mübahisə mövzusudur. Onun fikrincə, müxalifətin əsas təsir mexanizmi hökuməti ictimaiyyət qarşısında izahat verməyə məcbur etməkdir: "Musayevin Azərbaycana qaytarılması barədə qərar verilərsə, müxalifət bunu Ermənistan vətəndaşına qarşı zorakılıq iddiasının araşdırılmadan kənara qoyulması kimi təqdim edə bilər. Bu risk xüsusilə həssasdır, çünki Ermənistan tərəfi Musayevin yerli sakinə atəş açdığını iddia edir. Belə bir şəraitdə hökumətin onu dərhal qaytarması siyasi mübahisəni gücləndirə bilər. Bundan əlavə, Ermənistan müxalifətinin bəzi nümayəndələri Musayevin Azərbaycanda saxlanılan ermənilərlə dəyişdirilməsi məsələsini gündəmə gətiriblər. Bu yanaşma iki fərqli məsələni vahid siyasi paketdə birləşdirməyə çalışır".
Hüquqşünasın şərhinə görə, hadisə Ermənistan daxilində sərhəd təhlükəsizliyi ilə bağlı suallar doğurub: " Müxalifət bu insidenti hökumətin təhlükəsizlik siyasətini tənqid etmək üçün istifadə edir. Beləliklə, Musayevin taleyi daha geniş siyasi mübarizənin bir hissəsinə çevrilib. Lakin hökumətin üzləşdiyi siyasi təzyiqin konkret hansı qərara gətirib çıxaracağını indidən təsdiqləmək mümkün deyil. Bütün hallarda, hərbçimizin qaytarılacağına inanıram. Çünki Paşinyan onun uzun müddət Ermənistanda qalmayacağını açıqlayıb. Burada diqqətçəkən məqam odur ki, erməni müxalifətinin təzyiqi eyni zamanda iki əks istiqamətdə işləyə bilər. Bir tərəfdən, hökumət üzərində təzyiqin artması Paşinyanı Azərbaycanla münasibətlərdə əlavə siyasi güzəştlərdən çəkinməyə sövq edə bilər. Digər tərəfdən, məsələni uzatmaq və ya Musayevi uzun müddət Ermənistanda saxlamaq da hökumətin Azərbaycanla münasibətlərini mürəkkəbləşdirə bilər"
























