Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün baytarlıq ləvazimatlarının satın alınması ilə bağlı keçirilən müsabiqənin qalibi “Next Supplies” MMC (VÖEN – 1502210811) olub.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi tenderin qalibi olan “Next Supplies” MMC -yə 24 min 457 manat 21 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 10 manat olan “Next Supplies” MMC 2012-ci ildə vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, ev 1, m. 5718-də yerləşən MMC-nin qanuni təmsilçisi Əliyev Emil Məmmədhüseyn oğludur.
Tenderin qalibi olan “Next Supplies” MMC-nin hazırda (21.10.2026) dövlət büdcəsinə 2 min 192 manat 97 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.
“Next Supplies” MMC sentyabr ayının 18-də tender müsabiqəsinin qalibi elan olunub. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman vergi borcu son 1 ayda yaranıb.























