
Mədəniyyət naziri bəndənizi 12-ci Bakı kitab sərgisinin qara siyahısına saldığı üçün, müzakirələrdə deyəcəklərimi yazılı şəkildə diqqətinizə çatdırıram.
Mədəniyyət məmurları sərgidə tənqidi, alternativ fikir eşitmək istəmirlər.
Müasir Azərbaycan ədəbi prosesi haqda fərqli fikirləri burda cəmlədim.
Ədəbi proses təkcə xoş sözlər deyildir.
Tənqidi söz bu sərgidə səslənməlidir axı.
Ədəbiyyatımızda yaranmış kritik vəziyyətə görə Mədəniyyət Naziri ilk növbədə tam məsuliyyət daşıyır.
Buyurun. Bu da məruzəmin mətni:
Müasir dünya oxucusu smart, yəni ağıllı mövzulara meyllidir. Müəlliflər indi öz əsərlərinin təkcə elə bədii tərəfi ilə kifayətlənmirlər. Elmi ixtiralar, smart texnologiyalar indiki bədii mətnlərdə geniş əks edilir. Ən yeni ixtiralar yazarların öhdəsinə alimlərdən sonra buraxılır. Yazarlar öz əsərlərində bu mövzuları həyatın sınağına buraxır, insan psixologiyasının süzgəcindən keçirirlər. Ancaq bu vacib sahə ədəbiyyatımızda hələ də pasportlaşdırılmayıb. İstisnalar var. Ancaq bu, razılaşın, yetərincə deyil.
“Qorxulu ədəbiyyat” janrı bəzi ədəbiyyatlarda önə sıçrasa da, Azərbaycan ədəbiyyatında buna layiq bircə nümunə belə tapa bilməzsiz. İnsanın, millətlərin qorxu kompleksləri, müxtəlif fobiyaları, misal üçün, Stiven Kinqin yaradıcılığında ön sıradadır. O adi Amerika vətəndaşının şüuraltısındakı fobiyaları böyük məharətlə tapıb üzə çıxarır, ədəbi mətnə çevirir. Folklorumuzda bu cür “qorxulu nağılların” tək-tük nümunələri, bəli, mövcuddur. Ancaq yazarlarımızın biri belə bu vacib sahədə öz qələmini sınamayıb. Belə davam etsə, heç sınamayacaq da.
Keçək ədəbi “Dekonstruksiyalara”. Köhnə əsərləri söküb yeni məzmunda oxucuya təqdim etmə, indiki dünya ədəbiyyatının ən böyük nailiyyətidir. Bu innnovatik cəhdlər də, kiçik istisnalarla, ədəbiyyatımızda gözə dəymir. Yazarlarımız, xüsusən gənclər, buna laqeyd münasibət sərgiləyir. Köhnə mətnlərlə işləməyi bacarmırlar. Halbuki tanış ədəbi mətnlərə ikinci nəfəs vermək bizə bu gün hava-su qədər lazımlıdır. Ədəbiyyatın oksigen ehtiyacı məhz burda yaradılır.
Fentezi janrı da yazarlarımız arasında qəti populyar deyil. Son 10 ildə yazarlarımız bircə fantastik mövzuya belə müraciət etməyiblər.
Tarixi, bioqrafik mövzular çağdaş dünya ədəbiyyatında indi bir başqa cür işlənilir. Buna Avropa ədəbi cameəsində " Fixbuoqrafia" da deyilir. Məşhur bioqrafiyaların, tarixi hadisələrin saxta-yalançı, aldadıcı versiyaları indi dünya yazarları arasında xeyli məşhurdur. Misal üçün Napoleon Bonapartın yalançı, aldadıcı bioqrafiyaları indi kitab bazarlarında özünə xeyli alıcı toplayır. Azərbaycan yazarı isə bu vacib sahədə də gerilik nümayiş etdirir. Ənənəvi bioqrafiya janrından kənara çıxa bilmir. Tarixi mövzuları orta əsr mirzələri səviyyəsində həll edir. Daha doğrusu orda heç nə həll etmir.
Ədəbiyyatımız hələ də çox millidir. Daha doğrusu, milli yox, əyalət mənşəlidir. Mövzuları arxaik, darıxdırıcıdır. Kənd mövzusunu qaçqın taleləri ilə əvəzləmək cəhdləri uğursuz görünür. Multikulturalizm ölkəmizdə geniş təbliğ edilsə də, ədəbiyyatımızda özünü əks etdirmir. Misal üçün, məşhur Hind yazarı Salman Rüşdü “Qızıl ev” romanında Barak Obama Amerikasını gözəl təsvir edib. Üfüqlərdə görünən Tramp təhlükəsindən oxucularını bəri başdan məlumatlandırıb.
Bu cür öncəgörmə nümunələrini ədəbiyyatımızda axtarmayın. Yoxdur. Biz ancaq keçmişlərdə, köhnə mövzularda eşələnirik. Bizdə öncəgörmələr yox, keçmişi görmələr var.
Mistik, paranormal mövzular, yadplanetlilər barədə roman və hekayələr indi dünyada aparıcı mövzu olsa da, ədəbiyyatımız bu ədəbi trendlərə qarşı ağız büzməklə məşğuldur.
Müasir ədəbi trendlərlə ayaqlaşmayan gənc yazarlarımız çıxış nöqtəsini Cəlilə, Axundova, Sabirə qayıtmaqda görür, Poçt qutusu, Novruzəli kimi köhnə mövzuları yenidən dirildirlər. Ancaq bu, plagiat təsiri bağışlayır.
Dünya ədəbi trendləri bu vaxt qalır bir kənarda. Azərbaycana gətirilmir. Gənc yazarlar özlərini Sabir, Cəlil, Axundovla səhv salaraq girişirlər xalqı aşağılamağa. Öz uğursuzluqlarının səbəbini milli-mənəvi dəyərlərimizdə axtarmağa.
Bu kor dalanın sonunda işıq varmı? Əlbəttə var. Dünya ədəbi prosesinə diqqətimizi artırmalı, müasir trendləri Azərbaycana gətirməliyik.
Nazirliklər yazarlara əsərlər sifariş etməlidirlər.
1937-DƏ ŞAİRLƏRI ĞÜLLƏLƏYİRDİLƏR, İNDİ İSƏ POEZİYANIN ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİRLƏR
Ədəbiyyatda ən ciddi məsələ ənənə deyil, müasirlikdir.
Dünya ədəbiyyatından danışmaq da bu gün ziyanlıdır.
Məqsəd, oxucunu öz müasirlərindən, öz müəlliflərindən kənarda saxlamaq, nəticədə ədəbi mühiti azdırmaqdır.
Ana hədəf, ədəbiyyat həvəskarlarından müasir ədəbi imzaları gizlətməkdir.
Hədəf, şeiri arxa plana atmaqdır.
Çünki, şeir başlanğıclı Azərbaycan, mədəniyyət idarəolunmazdir.
Şeiri, şairləri məhv etməyin ən yaxşı sınanılmış yolu ədəbiyyatda, şeirdə zay imzaları tirajlamaqdır.
Dünya ədəbiyyatı haqda bütün söhbətlərə kinayə ilə baxıram.
Axı, bu mövzu, bu pərdə ilə müasir şairlər, şeirlər arxa plana atılır.
Kulturoloji söhbətlər də eyni sifarişi güdür.
Qısası müasir psevdo, kvazilərin qorxusu məhz poeziyadır.
Bu gün poeziyanı ikinci, üçüncü sıraya, cərimə skamyasına otuzdurmaq istəyən çoxları var.
Əksəriyyəti keçmiş, rəhmətlik şairlərdir.
Mədəniyyət nazirinin hazırladığı bu növbəti sərgi yenə də bəndənizi bir şair kimi, yazar, jurnalist kimi inkar etdi.
Səbəb, aydındır.
Mədəni həyatımızı bürokratlaşdıran, onu cansızlaşdıran Mədəniyyət naziri hər cür müstəqil qələm sahibiylə düşməndi. Özünün qara siyahısı var.
Şəxsən mən mədəniyyət naziri kürsüsündə məmurun oturmağına qarşıyam. Bu vəzifə sahibi yaradıcı şəxs olmalıdır.
Məmur bu vəzifədə oturmamalıdır.
Sərgi, bizim kimi müstəqil, tənqidi fikirli şairləri inkar edirsə, ancaq loyal şəxslərin makulaturasını təbliğ edirsə, yaxşı, bizdən kəskin münasibət görəcəksiz.
12-c i Bakı kitab sərgisində mübahisə mövzusunu harda görürəm? Deyim hardadı bu mübahisə:
Yüksək oktanlı neftimiz, benzinimiz var, bəli. Bəs yüksək oktanlı ədəbiyyat necə, Azərbaycanda varmı? Əlbəttə var. Bizdə təbii geoloji xammal olduğu kimi, filoloji xammal da mövcuddu - meyxanalar, mərsiyələr, folklor tutaq ki. Deyərdim hətta yazılı ədəbiyyatımızın 80 faizi belə “yazılı folklor”du. Bu fokloru, bu yazılı folkloru biz gərək mütləq təkrar emaldan çıxaraq. Paketləyək. Müasir standarta salaq, yallah, dünya ədəbi bazarına çıxaraq.
Ədəbiyyatşünaslığımız, ədəbi dərgilərimiz, çoxminlik filoloji cameəmiz bu sərgidən nə əvvəl nə sonra öz fəallığı ilə, reportajları, peşəkar məqalələri ilə əsla gözə girməyibsə, xam xəyallara getməyin bu kitab sərgisi haqda.
Kadrlarımız, savadımız yox bu tədbiri dəyərləndirməyə.
Ədəbiyyatşünasliğımız elmi təsnifatlara, dialoqlara hazır deyil.
Beləysə gəlin söhbətimizin dəyər şkalasını azca aşağı, sizin bayağı səviyyəyə salaq. Azərbaycan filoloqlarının danışdığı bayağı dildə sərgidəki kitablara təsnifat verək.
Bəli, mən peşəkar filoloji yanaşma görmürəm bu vacib tədbirdə.
Bələysə, sualları salaq elə sizin səviyyəyə.
SUAL BELƏDİ: HANSİ KİTABLA
1. Kosmosa uçardız?
2. Ayaqyoluna gedərdiz?
3. Çimərliyə, saunaya gedərdiz?
4. Səfərə gedərdiz?
5. Avtobusa minərdiz?
6. Yuxuya gedərdiz?
7. Kimin kitabından vərəq cırıb samovarı alışdırardız?
8. Arasında pullarınızı saxlardız Məşədi İbad kimi?
9. Kimin kitabını düşmənin başına çırpardız?
10. Kimin kitabı stolüstüdü?
11. Kiminki stulüstü?
Bəsinizdir. Bu sorğunu cavablandırmağa da gücünüz, heyiniz, savadınız çatmayacaq.
Qayıdın çayxanalarınıza.
Hə..az qala unutmuşdum.
Qayıdın öz milli-mənəvi dəyərlərinizə.
Dedi-qoduya, mənəm-mənəmçiliyə. Tərifə. Ədəbi gözəlnamələrə. Sizinki budu.
Sərgiyə layiq istedadlarımız çoxdu.
Ancaq siz bu istedadları görmək istəmədiz.
Siz makulaturanı artirirsız.
Əsl şairləri inkar edirsiniz...
Həmid Herisçi - yenisabah.az























